Logo
    main-post-cover

    Google robot tətbiqləri üçün vahid platforma qurur

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google fiziki süni intellekt sahəsində strategiyasını gücləndirmək üçün Alphabet şirkətinə məxsus robototexnika layihəsi olan Intrinsic-i öz tərkibinə qatıb.
        Intrinsic 2021-ci ildə Alphabet-in yüksək riskli və innovativ layihələr portfeli olan “Other Bets” bölməsindən ayrılaraq müstəqil şirkət kimi fəaliyyətə başlamışdı. Həmin portfelə robotaksi şirkəti Waymo və səhiyyə texnologiyaları şirkəti Verily də daxildir.
        Şirkət özünü robototexnika üçün “Android platforması” kimi təqdim edir. Məqsədi robot tətbiqlərinin hazırlanmasını asanlaşdıran proqram təminatı və alətlər yaratmaqdır. Yəni Intrinsic robotlar üçün vahid və əlçatan proqram qatını formalaşdırmağa çalışır.
        Alqı-satqının maliyyə detalları açıqlanmayıb. Bildirilib ki, Intrinsic Google daxilində “ayrı bir qrup” kimi fəaliyyətini davam etdirəcək. Komanda xüsusilə Google DeepMind ilə sıx əməkdaşlıq edəcək və Gemini süni intellekt modelləri ilə Google-un bulud resurslarından istifadə edəcək.
        Qeyd edək ki, DeepMind 2023-cü ildə bağlanmış Everyday Robotics bölməsini öz tərkibinə qatmışdı və ötən il robotların fiziki tapşırıqları yerinə yetirməsinə kömək edən iki yeni AI modelini təqdim etmişdi. Bu qərar Google-un fiziki süni intellekt və robototexnika sahəsində daha aqressiv və mərkəzləşdirilmiş strategiyaya keçdiyini göstərir.
    Paylaş