
Google səsli video tərtibatı üzrə Veo 3 süni zəka modelini təqdim edib (VİDEO)
Süni İntellekt
21.05.2025
Emil
Google şirkəti I/O 2025 konfransında mətn təsvirlərinə əsaslanaraq video yaradan ən yeni süni zəka modeli Veo 3-ü təqdim edib. Bu model yalnız görüntü deyil, eyni zamanda səs müşayiəti də yaradır. Oxşar sistemlərdən fərqli olaraq, bu alqoritm kadrlardakı məzmunu anlayır və əlavə göstərişlər olmadan audio yarada bilir. Deepfake hallarının qarşısını almaq üçün yaradılan bütün videolarda görünməyən su nişanı yerləşdiriləcək. Alqoritm səs effektləri, fon səsləri və hətta dialoqlar yarada bilir və bunları görüntü ilə sinxronlaşdırır. Google DeepMind-ın rəhbəri Demis Hassabis-in sözlərinə görə, istifadəçilər personajların təsvirini, ətraf mühiti və hətta replikaların necə səslənməli olduğunu belə təyin edə bilərlər.
Google Veo 3 modelinin hansı məlumatlar üzərində öyrədildiyini açıqlamasa da, Techcrunch saytının yazdığına görə, böyük ehtimalla YouTube materiallarından istifadə olunub. Çünki Google bu platformaya sahibdir və daha əvvəl onun məzmununun model öyrədilməsi üçün “istifadə oluna biləcəyini” təsdiqləmişdi. Generativ video bazarı artıq həddindən artıq doymuş vəziyyətdədir: Runway, OpenAI, Alibaba və onlarla startap oxşar modellər təqdim edir. Lakin Google daha da irəli gedərək tam səslə müşayiət olunan bir sistem tətbiq edib. Əvvəllər DeepMind “video-to-audio” (video-dan səsə) texnologiyası üzərində işləyirdi və bu, çox güman ki, yeni sistemin əsasını təşkil edib - yəni video piksellərini analiz edərək avtomatik uyğun səs yaradan bir texnologiya.

Dezinformasiya və deepfake videoların yayılmasının qarşısını almaq üçün Veo 3 tərəfindən yaradılan bütün videolar SynthID adlı görünməz daxili su nişanı ilə işarələnir. Eyni zamanda bir çox rəssam və animasiya ustaları baş verənlərdən narahat olduqlarını bildirirlər. Hollivud Animasiya Gildiyasının (Animation Guild) sifarişi ilə aparılan araşdırmaya görə, 2026-cı ilə qədər ABŞ-da kino sənayesində, televiziya və animasiya sahələrində təxminən 100 min iş yeri süni zəka səbəbindən itirilə bilər. Mütəxəssislər qeyd edirlər ki, Veo 3 generativ video bazarında ciddi rəqibə çevrilə bilər - xüsusilə əgər Google səs keyfiyyəti ilə bağlı verdiyi vədlərə əməl edərsə. Model artıq Gemini tətbiqində, aylıq 249$ dəyərində olan AI Ultra tarif planı üzrə abunəçilər üçün əlçatandır.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
