main-post-cover

    Google şirkəti ChatGPT kimi süni zəka əsaslı çat-botların onun biznesinə zərər yetirəcəklərini düşünür

    Süni İntellekt
    25.12.2022
    Farid Pardashunas
        Google şirkəti yavaş-yavaş başa düşür ki, süni zəka əsasında qurulmuş müasir çat-botlar onun axtarış biznesinə böyük zərbə vura bilərlər. Belə ki, bu cür müasir çat-botlar istifadəçilərin əksər suallarına sadə cavablar təqdim edirlər və onlar özlərində online reklamı əks etdirmirlər. Son 30 il ərzində texnoloji sahədə sözün əsl mənasında inqilab yaratmış bir neçə məhsul ortaya çıxıb: Netscape brauzeri, Google axtarış xidməti və Apple iPhone. Texnologiya sahəsində növbəti bu cür inqilabı yaratma potensialına sahib məhsul isə ChatGPT adlı yeni nəsil çat-bot ola bilər. Sözügedən çat-bot təkcə internet linkləri ilə kifayətlənməyərək istifadəçilərin sorğularına çox sadə və anlaşılan cavablar təqdim edir. Bununla yanaşı bu çat-bot biznes strategiyalardan tutmuş müxtəlif mövzuları əhatə edən mətnlərin yaradılmasına kimi istifadəçilərə köməklik edir. ChatGPT mütləq şəkildə təkmilləşdirilməyə davam edəcək. Lakin artıq indiki halı ilə o, Google şirkəti üçün təhlükə mənbəyidir. Buna görə də şirkətin rəhbərliyi buna tez zamanda reaksiya verib.

    Son zamanlarda internetdə yayılmış fikrə əsasən Google şirkəti hal hazırda Silikon Vadisinin böyük təmsilçilərinin ən çox qorxduqları hadisənin astanasındadır. Söhbət, biznesi çökdürəcək qlobal texnoloji dəyişikliklərdən gedir.

        Artıq 20 ildən çoxdur ki, Google şirkətinin axtarış xidməti istifadəçilərin internetə daxil olmaları məsələsində dünyanın ən böyük nöqtəsinə çevrilib və şirkət bu cür aktivi itirmək niyyətində deyil. ChatGPT süni zəka sahəsində fəaliyyət göstərən OpenAI adlı qeyri-kommersiya təşkilatı tərəfindən hazırlanıb. Sözügedən çat-botun əsasında yerləşən texnologiyanın hazırlanmasında vaxtı ikən Google da iştirak edib. Söhbət, daha kiçik şirkətlərin də istifadə edə biləcəkləri texnologiyadan gedir və həmin şirkətlər potensial olaraq Google biznesinə böyük zərbə vura bilərlər. Qeyd etmək lazımdır ki, Google ChatGPT-nın alternativ versiyasına sahibdir. Söhbət, LaMDA sistemindən gedir. Qeyd etmək lazımdır ki, bu ilin yay fəslində keçmiş Google mühəndislərindən biri bəyan etmişdi ki, LaMDA sistemi sözün əsl mənasında şüura sahibdir. Lakin nəticədə həmin mühəndis şirkətdən uzaqlaşdırıldı. Google şirkətinin keçmiş mühəndisinin bu bəyanatından sonra LaMDA hamının diqqətini öz üzərinə çəkməyi bacardı.

    Çat-botların fərdi şüura sahib olmaları məsələsi həqiqətdən uzaq olsa da, onların son aylar ərzində yüksək sürətlə inkişaf etmələri heyrətləndirməyə bilməz.

        Lakin Google şirkəti onu öz axtarış sisteminin alternativi kimi istifadə edə bilməyəcək. Belə ki, LaMDA reklam elanlarının yerləşdirilməsi üçün uyğun deyil. Nəzərə almaq lazımdır ki, Google şirkətinin gəlirlərinin 80%-ni məhz reklam elanları təmin edirlər. Müasir çat-botların əsas mənfi özəlliklərindən biri də odur ki, onlar yaxşı ilə pisi fərqləndirə bilmirlər. Böyük həcmli məlumatların analizi və verilmiş suallara cavabların tərtib edilməsi çərçivəsində süni zəka çox zaman faktları uydurmalarla birləşdirir və insanlarda neqativ hisləri yarada biləcək açıqlamaları təqdim edir. Bu isə öz növbəsində Google şirkətinin nüfuzuna zərər yetirə bilər. Lakin süni zəka sistemləri hətta indiki vəziyyətlərində də Google rəhbərliyinin narahatlığına səbəb yaradırlar.
        The New York Times-ın verdiyi məlumata əsasən bir neçə müddət bundan öncə Google şirkətinin CEO-su Sundar Pichai şirkət daxilində iş ilə bağlı bir neçə görüş keçirdib. Keçirilmiş görüşlər çərçivəsində Sundar şirkət əməkdaşlarına şirkətin süni zəka platforması məsələsində strategiyasını təyin etməyi tapşırıb. Bununla yanaşı o, fotoların generasiyasına istiqamətlənmiş süni zəka məhsullarının hazırlanması sahəsini gücləndirmək tapşırığını verib. Təyin edilmiş tapşırıqların həll edilməsi üçün şirkət əlavə işçi resursu da ayırıb. Bu sahədə ilk məhsulların may ayında baş tutacaq Google I/O 2023 tədbirinə kimi hazırlanması tapşırılıb. Şirkət öz bulud xidmətlərinin müştəriləri üçün süni zəka əsaslı çat-botu hazırlamağı planlaşdırır. Mütəxəssislərin fikirlərinə əsasən Google öz axtarış xidmətinə inqilabi dəyişikliklər əlavə etmədən onu təkmilləşdirməyə davam edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər