Logo
    main-post-cover

    Google süni zəkanı hərbi məqsədlərdə istifadə etməyəcəyi vədindən imtina edib

    Süni İntellekt
    05.02.2025
    Emil
         Bu həftə Google şirkəti öz veb saytından süni zəkanın silah və ya nəzarət üçün istifadə edilməyəcəyinə dair öhdəlik vədini silib. Şirkət saytdakı süni zəka prinsipləri səhifəsini yeniləyərək, "Məqsədimiz olmayan tətbiqlər" bölməsini silib. Bu bölmə hələ ötən həftə saytda mövcud idi. Google, bu dəyişikliyə dair şərh istənildikdə, "məsuliyyətli süni zəka” mövzusunda yeni bir bloq yazısına istinad edib.
        Yazıda şirkətlərin, hökumətlərin və təşkilatların əməkdaşlığının vacibliyi vurğulanır və məqsədin insanları qoruyan, qlobal inkişafa töhfə verən və milli təhlükəsizliyi dəstəkləyən süni zəka yaratmaq olduğu bildirilir. Google şirkətinin yenilənmiş süni zəka prinsiplərində vurğulanır ki, şirkət "arzuolunmaz və ya zərərli nəticələrin qarşısını almaq və ədalətsiz qərəzi aradan qaldırmaq" üzərində işləyir. Həmçinin, şirkətin fəaliyyəti beynəlxalq hüquq və insan haqlarına uyğunlaşdırılmalıdır. Əvvəllər Google süni zəkanı dörd əsas sahədə tətbiq etməyəcəyini bildirirdi:
    - Silah sistemləri
    - Nəzarət texnologiyaları
    - Zərər verə biləcək texnologiyalar
    - Beynəlxalq hüquq və insan haqlarını pozan layihələr.
         Bu məhdudiyyətlər Google şirkətini süni zəka bazarının liderləri arasında istisna halına gətirirdi. Məsələn, Microsoft Amazon artıq uzun müddətdir Pentaqonla əməkdaşlıq edir. Onların ardınca OpenAI Anthropic də ABŞ-ın müdafiə podratçıları olan Anduril Palantir kimi şirkətlərlə əməkdaşlığa başlayıb. Mütəxəssislərin fikrincə, Google-un qərarı süni zəkanın ABŞ-ın milli müdafiəsi üçün artan əhəmiyyətini əks etdirir. Pensilvaniya Universitetinin siyasi elmlər üzrə professoru Michael Horowitz bildirib ki, bu, məntiqi addımdır, çünki süni zəka texnologiyaları ABŞ ordusu üçün getdikcə daha vacib rol oynayır.
         "Google-un açıqlaması bir daha sübut edir ki, ABŞ texnologiya sektoru ilə Müdafiə Nazirliyi arasındakı əlaqələr getdikcə daha da möhkəmlənir və bu, süni zəka sahəsindəki aparıcı şirkətləri də əhatə edir," - deyə Horowitz qeyd edib. Son illərdə Google şirkətinin ABŞ və İsrail ordusu ilə bağladığı müqavilələr şirkət daxilində işçi etirazlarına səbəb olub. Şirkət, süni zəka texnologiyalarının insanlara zərər yetirmək üçün istifadə edilmədiyini iddia etsə də, Pentaqonun süni zəka üzrə rəhbəri bəyan edib ki, bəzi süni zəka modelləri ABŞ ordusunun "öldürmə zəncirini" sürətləndirir.
    Mənbə: Bloomberg
    Paylaş