
Google tibbi araşdırmaları sürətləndirən süni zəka sistemi yaradıb
Süni İntellekt
20.02.2025
Emil
Google süni zəkaya əsaslanan bir laborant yaradıb ki, bu da alimlərə biotibbi tədqiqatları sürətləndirməyə və müasir texnologiyalar əsasında ixtisaslaşmış tətbiqlər hazırlamağa kömək edəcək. Yeni süni zəka assistenti (AI Coscientist - “Süni Zəka-Həmkar Alim”) tədqiqatçıların biliklərindəki boşluqları aşkar edə, eləcə də elmi araşdırmaları daha sürətli aparmağa imkan verəcək yeni ideyalar təklif edə bilir. Hazırda texnoloji şirkətlər süni zəka modelləri və məhsulları üçün milyardlarla dollar xərcləyir və ümid edirlər ki, bu texnologiyalar səhiyyədən tutmuş energetika və təhsilə qədər bir çox sahəni dəyişə biləcək.

Google-un baş klinik tədqiqatçısı Alan Karthikesalingam bildirib: “Layihəmiz vasitəsilə anlamağa çalışırıq ki, bizim süni zəka assistenti kimi texnologiyalar tədqiqatçılara fövqəlbacarıqlar qazandıra bilərmi”. AI Coscientist bir neçə süni zəka agentindən istifadə edərək elmi prosesi təqlid edir. Bunlardan biri yeni ideyalar yaratmağa, digərləri isə bu ideyaları nəzərdən keçirməyə, tənqidi analiz etməyə və rəy bildirməyə ixtisaslaşıb. Süni zəka modeli elmi məqalələrdən və açıq mənbəli ixtisaslaşmış məlumat bazalarından informasiya çıxarmaq qabiliyyətinə malikdir. Daha sonra o, toplanmış məlumatları təhlil edir və izahatlarla birlikdə mənbələrə istinad edən prioritetləşdirilmiş təkliflər siyahısı yaradır.

Google-un yeni aləti ilə aparılan ilkin sınaqlar Stenford Universiteti, London İmperial Kolleci və Hyuston Methodist Xəstəxanasının mütəxəssisləri ilə birgə həyata keçirilib. Nəticələr göstərib ki, bu süni zəka aləti perspektivli elmi hipotezlər yarada bilir. AI Coscientist qaraciyər fibrozunun müalicəsi üçün təkrar istifadə edilə bilən dərmanları müəyyənləşdirə bilib. Bu ciddi xəstəlik, qaraciyərdə çapıq toxumalarının yaranmasına səbəb olur. Süni zəka iki növ dərman təklif edib və alimlər bu preparatların həqiqətən də xəstəliyin müalicəsində kömək etdiyini təsdiqləyiblər.

Bundan əlavə, AI Coscientist, London İmperial Kollecinin tədqiqatçılarının gen ötürülməsi mexanizmi ilə bağlı əldə etdiyi nəticələrə müstəqil şəkildə gəlib. Bu tədqiqatın nəticələri hələ açıq şəkildə yayımlanmamışdı, çünki onlar nüfuzlu bir elmi jurnal tərəfindən rəy baxışına təqdim edilmişdi. Maraqlıdır ki, Google-un süni zəka aləti bu araşdırmanı cəmi bir neçə gün ərzində tamamlayıb, halbuki universitet alimləri üzərində bir neçə il işləyiblər. “Biz düşünürük ki, bu alət elmə yanaşmamızı dəyişə bilər” - deyə infeksion xəstəliklər kafedrasının professoru Jose Penades, gen ötürülmə mexanizmini araşdıran alimlərdən biri bildirib.

Oksford Universitetinin dosenti Jakob Foerster hesab edir ki, Google-un yeni AI Coscientist aləti kimi texnologiyalar tədqiqatçılara öz sahələrindəki son kəşflərdən xəbərdar olmağa kömək edə bilər. Bundan əvvəl Google DeepMind laboratoriyası zülalların formasını və davranışını proqnozlaşdıran AlphaFold süni zəka modelinin yeni versiyasını təqdim etmişdi. OpenAI, Perplexity, Almaniyanın dərman istehsalçısı BioNTech və onun Londondakı törəmə şirkəti InstaDeep də son vaxtlarda süni zəka araşdırmaları üçün öz alətlərini istifadəyə veriblər.
Mənbə: Financial Times
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
