Google Translate-dən canlı tərcümə yeniliyi!
Süni İntellekt
15.12.2025
Sevinc
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google Translate yeniləmə ilə real vaxtda danışıqdan-danışığa tərcümə funksiyasını artıq yalnız Pixel Buds ilə məhdudlaşdırmır. Bu xüsusiyyət indi istənilən qulaqlıqla istifadə oluna bilər. Funksiya 70-dən çox dili dəstəkləyir və beta versiya olaraq Android telefonlarda Google Translate tətbiqi vasitəsilə istifadəyə verilib. Apple-ın oxşar funksiyasından fərqli olaraq, bunun üçün xüsusi qulaqlıq tələb olunmur.
Yeniləmə çərçivəsində mətn tərcümələri də təkmilləşdirilib. Gemini süni intellekti sayəsində Google Translate indi idiomlar və jarqon ifadələri daha düzgün tərcümə edir. Məsələn, “stealing my thunder” kimi ifadələr artıq sözbəsöz yox, mənasına uyğun şəkildə çevrilir.
Bundan əlavə, Translate tətbiqindəki Practice funksiyası da genişləndirilib. Avqust ayında beta olaraq təqdim edilən bu xüsusiyyət indi 20 yeni ölkədə aktivdir və daha çox dili dəstəkləyir. Duolingo-ya bənzər şəkildə işləyən Practice istifadəçinin səviyyəsinə uyğun lüğət məşqləri və dinləmə tapşırıqları təqdim edir.
Canlı danışıq tərcüməsi hazırda ABŞ, Meksika və Hindistanda Android üçün istifadəyə verilib və gələn il iOS platformasına da gələcək. Təkmilləşdirilmiş mətn tərcümələri isə artıq həm Android, həm iOS, həm də veb versiyada mövcuddur. Practice funksiyası hələ beta mərhələsində olduğu üçün hamı üçün əlçatan olmaya bilər.
Paylaş