Google Translate-ə yeni AI funksiyası əlavə olundu
Süni İntellekt
29.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Google Translate 20 illiyini qeyd edərkən istifadəçilər üçün yeni və uzun müddətdir gözlənilən funksiyanı istifadəyə verib. Artıq tətbiq vasitəsilə yalnız söz və cümlələri tərcümə etmək deyil, həm də onların düzgün tələffüzünü öyrənmək mümkün olacaq.
Yeni “Practice” bölməsi sayəsində istifadəçilər tərcümə etdikləri söz və ya cümlələr üçün “Pronounce” düyməsini seçərək səsləri səsləndirə və öz tələffüzlərini yoxlaya bilərlər. Sistem istifadəçinin səsləndirməsini analiz edir və süni intellekt vasitəsilə qiymətləndirərək geri dönüş təqdim edir. Məsələn, tətbiq “Bəzi səslər aydın deyildi” kimi qeydlərlə istifadəçiyə inkişaf istiqamətini göstərir.
Bununla yanaşı, istifadəçilər söz və ifadələrin düzgün səsləndirilməsini tətbiq daxilində dinləyə və fonetik yazılış vasitəsilə tələffüzlərini daha da dəqiqləşdirə bilərlər. Bu xüsusiyyət funksionallıq baxımından məşhur dil öyrənmə tətbiqi Duolingo ilə müəyyən oxşarlıqlar göstərir. Hazırda yeni funksiya mərhələli şəkildə istifadəyə verilir və ilkin olaraq ABŞ və Hindistanda aktivdir. Dəstək isə hələlik ingilis, ispan və hindi dilləri ilə məhdudlaşır. Qeyd edək ki, Google son aylarda Translate xidmətini aktiv şəkildə yeniləyir. Ötən ay təqdim olunan canlı qulaqcıq tərcümə funksiyası artıq bir sıra ölkələrdə iOS və Android cihazlarda istifadəyə verilib.
Paylaş