Google-un AI strategiyası tənqid olunur
Süni İntellekt
19.05.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Google-un süni intellekt modeli Gemini son aylarda demək olar ki, şirkətin bütün məhsullarında görünməyə başlayıb. İstifadəçilərin bir hissəsi isə bu vəziyyəti artıq “Gemini işğalı” adlandırır və bunun Microsoft-un Copilot strategiyasını xatırlatdığını bildirir. Mövzu ilə bağlı yayımlanan yeni məqalədə qeyd olunur ki, əvvəllər Gmail, Google Drive və digər xidmətlərdə daha məhdud şəkildə görünən Gemini indi sürətlə bütün Google ekosisteminə yayılır. Xüsusilə Google Docs-a əlavə edilən yeni Gemini paneli bəzi istifadəçilərin narazılığına səbəb olub.
Google Docs-da ekranda daimi görünən “parıltı” (sparkle) işarəsi üzərinə siçan gətirilən zaman istifadəçilərə mətn yazmaq, ideya yaratmaq və sənəd hazırlamaq üçün Gemini tövsiyələri təqdim edir. Bəzi məzmun yaradıcıları və müəlliflər hesab edir ki, bu cür funksiyalar yaradıcılıq prosesinə müdaxilə edir. Məqalədə müəllif bildirir ki, Gemini alətlərindən gündəlik istifadə etsə də, Google-un bu funksiyanı məcburi şəkildə hər platformaya yerləşdirməsi artıq yorucu görünməyə başlayıb. Müəllif bunu Microsoft-un Windows 11-də Copilot-u sistemin hər hissəsinə inteqrasiya etməsi ilə müqayisə edib. Qeyd olunur ki, Microsoft bu addımlara görə istifadəçilərdən ciddi tənqidlər almış və sonradan bəzi dəyişikliklər etməyə məcbur olmuşdu.
Digər tərəfdən, araşdırmalar göstərir ki, xüsusilə gənc istifadəçilər süni intellekt alətlərinə əvvəlki qədər müsbət yanaşmır. Hətta bəzi tədqiqatlara görə, AI alətlərindən daha çox istifadə edən şəxslər onlara qarşı daha tənqidi mövqe sərgiləməyə başlayırlar. Məqalədə həmçinin vurğulanır ki, texnologiya şirkətləri AI alətlərini daha aktiv tətbiq etdikcə proqram təminatı sahəsində ixtisarlar artır. Bu isə xüsusilə proqramçılar və yaradıcı peşə sahibləri arasında narahatlıq yaradır.
Paylaş