Logo
    main-post-cover

    Google-un Gemini reklamı nə qədər realdır?

         Google-un süni intellekt aləti Gemini üçün yayımlanan yeni reklam valideynlərin tez-tez yaşadığı bir qorxuya toxunur: uşağın ən sevdiyi oyuncağın itməsi. Reklamda valideynlər təyyarədə unudulan “Mr. Fuzzy” adlı oyuncaq quzunun yerinə yenisini tapmağa çalışır, tapmayanda isə Gemini vasitəsilə oyuncağı guya dünya turuna çıxmış kimi göstərən şəkil və videolar yaradırlar. Parisdə, Pamplonada, sonda isə Ayda görünən oyuncaq uşağa “5–8 iş günü sonra qayıdacağam” deyə mesaj verir.
          Bu hekayədən ilhamlanan bir valideyn, Gemini-nin reklamda göstərilənləri real həyatda edib-etmədiyini yoxlamağa qərar verib. O, öz oğlunun sevimli oyuncağı “Buddy”nin fotolarını Gemini-yə yükləyərək əvvəlcə eyni oyuncağı tapmasını istəyib. Gemini bəzi ehtimallar irəli sürsə də, oyuncağın dəqiq modelini tapa bilməyib və uzun, qarışıq izahlarla prosesi çətinləşdirib. Nəticədə valideyn özü araşdıraraq oyuncağın Mary Meyer markasına aid, artıq istehsalı dayandırılmış bir maral olduğunu müəyyən edib.
         Şəkil və video yaratma mərhələsində Gemini daha uğurlu nəticələr versə də, proses reklamda göründüyü qədər asan olmayıb. Doğru nəticə almaq üçün dəfələrlə prompt dəyişmək lazım gəlib, videolar isə həm vaxt aparıb, həm də gündəlik limitlərlə məhdudlaşıb. Üstəlik, Gemini uşağın oyuncağı qucaqladığı fotolardan video yaratmaqdan imtina edib ki, bu da təhlükəsizlik baxımından müsbət qiymətləndirilib.
          Ən narahatedici məqam isə süni intellekt tərəfindən yaradılan oyuncağın uşağa birbaşa adı ilə müraciət etməsi olub. Valideyn bunu “həddən artıq müdaxilə” kimi qiymətləndirib və bu cür məzmunu uşağına göstərməməyə qərar verib. Onun fikrincə, uşağın oyuncaqla qurduğu emosional bağ real və sehrlidir, süni intellekt isə bu bağı dəyişdirə və ya zəiflədə bilər.
          Nəticə olaraq, Gemini reklamda göstərilən imkanların çoxunu texniki olaraq edə bilir, amma bu, səbir, vaxt və düzgün material tələb edir.
    Paylaş