Google-un Gemini səsli köməkçisi Apple CarPlay-də istifadəyə açılır
Süni İntellekt
11.11.2026
“Google” 11 noyabrdan “Gemini” tətbiqini bütün dünyada “Apple CarPlay” üçün açır. Beləliklə, iOS istifadəçiləri avtomobil sürərkən “Gemini Live” ilə səslə və fasiləsiz danışa biləcəklər. Funksiya “Gemini Live”ın işlədiyi bütün dillərdə açılır. Bunun üçün “iPhone”da tətbiqin son versiyası quraşdırılmalıdır.
“CarPlay” ekranında sadə səs dalğası görünür. Bu işarə sistemin istifadəçini dinlədiyini, cavab üzərində düşündüyünü və ya danışdığını göstərir. Sol yuxarı küncdə söhbəti bitirmək və mikrofonu söndürmək üçün düymələr var. İstifadəçi cavabı yarıda kəsib əlavə məlumat verə, mövzunu dəyişə və ya söhbətə ara verə bilər. Bütün söhbətlər “iPhone” telefonundakı “Gemini” tətbiqi ilə sinxronlaşır.
Başlamaq üçün “Gemini” tətbiqini yeniləmək və mikrofon icazəsini aktivləşdirmək lazımdır. Həmçinin telefonda “Gemini Live” xidmətindən ən azı 1 dəfə istifadə edilməlidir. Telefon avtomobilə növbəti dəfə qoşulanda “CarPlay” ekranındakı “Gemini” işarəsinə toxunmaq kifayətdir. Buradan yeni söhbət başlatmaq və ya son dialoqlardan birini davam etdirmək olar. Yeniləmə mərhələli yayıldığı üçün funksiya hamıda dərhal görünməyə bilər.
“Gemini” sürücünün diqqətini mümkün qədər az yayındıran səsli köməkçi kimi hazırlanıb. Günün planına hazırlaşmaq üçün ondan təqvimdəki görüşləri soruşmaq, növbəti ünvana nə vaxt yola çıxmağı öyrənmək və təqdimata məşq etmək olar. “Gmail” və “Google Calendar” məlumatlarına əsasən gündəlik xülasə almaq, oxunmamış məktubları yoxlamaq və uzun yazışmaların qısa məzmununu dinləmək də olur. Sürücü cavab mətnini səslə hazırlaya bilər.
Xidmət yaxınlıqdakı məkanları və görməli yerləri araşdırmağa, nahar yeri seçməyə və yerli obyektlər haqqında məlumat almağa da kömək edir. İstifadəçi səslə fikir yürüdə, məşq edə və yeni mövzular öyrənə bilər. Bu funksiya mürəkkəb mövzuları anlamaq, çətin söhbətə və ya təqdimata hazırlaşmaq üçün işlədilə bilər. “ChatGPT”, “Perplexity”, “Claude”, “Copilot”, “Meta AI” və “Grok”da artıq “CarPlay” dəstəyi var idi. “Google Maps” daxilində “Gemini”nin bəzi funksiyaları işləsə də, tam “Gemini Live” təcrübəsi ayrıca tətbiqə indi əlavə olunur.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...