
GPT adlı süni zəka əsaslı dil modelinin növbəti versiyası indiyənə kimi müşahidə edilməmiş süni zəka səviyyəsini sərgiləyə bilər
Süni İntellekt
29.03.2023
Emil
OpenAI şirkəti özünün GPT adlı süni zəka əsaslı dil modelinin 4-cü versiyasını hələ bir neçə müddət bundan öncə təqdim etmişdi. ChatGPT ilə Microsoft Bing axtarış sisteminin tərkibində olan çat-bot məhz GPT-4 əsasında çalışır. Lakin artıq indidən GPT-5 barəsində məlumatlar ortaya çıxmağa başlayıb. Verilmiş məlumata əsasən OpenAI şirkəti süni zəka əsaslı GPT-5 dil modelinin təlimatlandırılmasını bu ilin dekabr ayında yekunlaşdırmağı planlaşdırır.
Bununla belə şirkət ümumi süni zəka (AGI / Artificial General Intelligence) səviyyəsinə çatmağı hədəfləyib. Söhbət, insan səviyyəsində düşünə və tapşırıqları yerinə yetirə bilən süni zəkadan gedir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda mövcud olan neyron şəbəkələri zəif süni zəka (Narrow AI) sinifinə daxildirlər. Belə ki, onlar hansısa koqnitiv funksiyanı yerinə yetirmək və ya onu avtomatlaşdırmaq üçün nəzərdə tutulublar. Ümumi süni zəka halında isə söhbət, daxil olan məlumatlar əsasında fərdi şəkildə nəticələr çıxaran və insanların yerinə yetirdikləri tapşırıqların əksəriyyətini yerinə yetirə bilən bir sistemdən gedir.
Fərz edilir ki, bu cür süni zəka sistemi müəyyən anda özünü dərk edə bilər. Nəzəri cəhətdən növbəti inkişaf mərhələsi kimi ASI (Artificial Super Intelligence) gəlir. Söhbət, istənilən adamın intellektual imkanlarını geridə qoyan və istənilən tapşırığı yerinə yetirə bilən super güclü süni zəka sistemindən gedir. Qeyd etmək lazımdır ki, OpenAI artıq GPT-4.5 dil modelini anons edib. Şirkət onu ya sentyabr ya da oktyabr ayında istifadəyə verməyi planlaşdırır.
Paylaş
Bənzər xəbərlər