Logo
    main-post-cover

    Grok çat-botunun yeni versiyası Grok 4 təqdim edilib

    Süni İntellekt
    10.07.2025
    Emil
         Elon Musk tərəfindən təsis edilmiş xAI şirkəti süni zəka əsaslı Grok çat-botunun yeni versiyası olan Grok 4-ü təqdim edib. Anons əvvəlki versiyanın təqdimatından cəmi bir neçə ay sonra baş tutub. Grok 4-ün bu qədər tez təqdim olunması generativ süni zəka sahəsində innovasiyaların sürətini göstərməklə yanaşı, eyni zamanda etibarlı etik nəzarət mexanizmlərinə olan ciddi ehtiyacı da üzə çıxarır. Musk Grok komandasının əsas üzvləri ilə birlikdə canlı yayına çıxaraq yeni versiyanın artıq istifadəçilər üçün əlçatan olduğunu bəyan edib. Onun sözlərinə görə, Grok 4 demək olar ki, bütün fənlər üzrə əksər magistratura tələbələrindən daha ağıllıdır. Bu, son 9 ayda xAI çat-botunun artıq dördüncü versiyasıdır. Şirkətin verdiyi açıqlamaya görə, Grok 4 inkişaf etdirilmiş səs funksiyaları və daha dərin, məntiqi qurulmuş dialoqları dəstəkləmə qabiliyyəti ilə təchiz olunub.
         xAI-in daxili bənçmark nəticələri göstərir ki, yeni süni zəka modeli OpenAI, Alphabet Meta şirkətlərinin mövcud həllərini geridə qoyub. Lakin bu testlər hələlik müstəqil ekspertlər tərəfindən yoxlanılmayıb. Mütəxəssislərin bildirdiklərinə görə, yeni arxitektura Grok 4-ə müxtəlif sahələr üzrə bilikləri daha dəqiq inteqrasiya etməyə və hətta fənlərarası suallara əsaslandırılmış cavablar verməyə imkan yaradır. xAI-in məlumatına görə, Grok 4 əlavə alətlərə qoşulmadan belə ən çətin sınaqlardan biri hesab edilən Humanity’s Last Exam-də 25.4% nəticə göstərib və bu göstərici Google Gemini 2.5 Pro-nu (21.6%) və OpenAI o3 (high) modelini (21%) üstələyib. Əsas Grok 4 modeli ilə yanaşı, xAI şirkəti Grok 4 Heavy adlı versiyanı da təqdim edib. Bu, çoxagentli çat-bot variantıdır. Bu modeldə bir neçə müstəqil agent eyni anda verilmiş tapşırığı yerinə yetirir, daha sonra isə nəticələri müqayisə edərək ekspert qrupu kimi yekun qərar formalaşdırırlar.
         Alətlərdən istifadə edən Grok 4 Heavy 44.4% nəticə əldə edib. Müqayisə üçün, eyni alətlərə çıxışı olan Gemini 2.5 Pro isə cəmi 26.9% göstərici ilə kifayətlənib. xAI-in açıqlamasına görə, bu nəticələr generativ süni zəka sahəsində ən qabaqcıl məhsuldarlıq səviyyəsini nümayiş etdirir. Şirkət eyni zamanda yeni premium tarif planını da təqdim edib. SuperGrok Heavy adlı yeni abunəlik, aylıq 300$ dəyərindədir və bu, iri süni zəka istehsalçıları arasında ən bahalı təklif sayılır. Bu abunə Grok 4 Heavy və gələcək funksiyalara erkən çıxış imkanı verir. Bunlara avqustda təqdim ediləcək proqramlaşdırma üçün nəzərdə tutulmuş süni zəka modulları, sentyabrda istifadəyə veriləcək çoxagentli versiya və oktyabrda gözlənilən video generasiya funksiyası daxildir. xAI hesab edir ki, bu bahalı abunə həm gələcək tədqiqatların maliyyələşdirilməsinə kömək edəcək, həm də rəqiblərdən əvvəl yeni süni zəka modelini sınaqdan keçirmək istəyən korporativ müştəriləri cəlb edəcək.
         Grok 4 versiyasının təqdimatı, xAI şirkətinin Grok 3 çat-botunun adından paylaşılan, antisemit ifadələr və istifadəçilərə şübhəli cavablar ehtiva edən bir neçə paylaşımı X (əvvəlki Twitter) platformasından silməyə məcbur qalmasından cəmi bir gün sonra baş tutub. Rəsmi açıqlamada şirkət bildirib: “Bu cür məzmun aşkar olunduqdan sonra xAI, Grok-un X platformasında paylaşılacaq yeni materiallarında nifrət dili istifadəsini öncədən bloklamaq üçün tədbirlər görüb”. Hadisənin ciddiliyinə baxmayaraq, Musk təqdimat yayımı zamanı bu hadisəyə birbaşa toxunmayıb və sadəcə olaraq “biz əmin olmalıyıq ki, süni zəka yaxşı süni zəkadır” deyə bildirib. Bundan əvvəl Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Grok-un fəaliyyətini kəskin şəkildə tənqid edərək Bloomberg News-a verdiyi müsahibədə bildirib ki, əgər aqressiv məzmunun yayılmasının qarşısı alınmasa, Türkiyə X platformasını bloklaya bilər.
         O vurğulayıb: “Təhqiredici sözlərin istifadəsi qəbuledilməzdir”. Bu açıqlama Grok 4-ün təqdimatından əvvəl səsləndirilmiş və məsələnin etik tərəfinə beynəlxalq diqqəti daha da artırmışdı. Mart ayında xAI rəsmi şəkildə sosial platforma olan X ilə birləşdi. Nəticədə Grok-un imkanlarını X platformasının istifadəçi interfeysinə inteqrasiya etməyə yönəlmiş bir struktur formalaşdırıldı. Lakin təqdimat günü, yayım başlamazdan bir neçə saat əvvəl, X-in baş direktoru Linda Yaccarino istefa verdi. Bu addım əsas idarəetmə vəzifəsini vakant vəziyyətdə qoydu və rəqib süni zəka modellərinin sürətlə inkişaf etdiyi bir vaxtda platformanın gələcək sabit inkişafını sual altına saldı.
         Məlumata görə, xAI hazırda süni zəkanın inkişafı üçün hər ay təxminən 1 milyard dollar xərcləyir. Bu rəqəm təkcə layihələrin miqyasını deyil, həm də Elon Musk-ın iddialı planlarını həyata keçirməyin yüksək maliyyətini əks etdirir. Hazırda şirkət aktiv şəkildə xarici maliyyə resurslarının cəlb olunması üçün danışıqlar aparır. Bura vençur fondları və suveren investisiya qurumları ilə əlaqələr də daxildir. Diqqət mərkəzində olan əsas sahələr bunlardır: böyük dil modellərinin inkişafı, kontent generasiyasının keyfiyyətinin artırılması və süni zəkanın X platformasının infrastrukturuna dərin inteqrasiyası.
    Paylaş