Logo
    Hang Ten Systems AI startapı daha 53 milyon dollar sərmayə toplayıb

    Hang Ten Systems AI startapı daha 53 milyon dollar sərmayə toplayıb

        “Infosys”un keçmiş baş direktoru Vishal Sikka may ayında yaratdığı süni intellekt (AI) startapı “Hang Ten Systems” üçün daha 53 milyon dollar (təxminən 90,1 milyon manat) sərmayə toplayıb. İnvestisiya raundu ilkin 32 milyon dollarlıq (təxminən 54,4 milyon manat) sərmayədən cəmi 5 həftə sonra bağlanıb. Son investisiya startapın ümumi maliyyələşməsini 85 milyon dollara (təxminən 144,5 milyon manat) çatdırıb.
        Yeni raunda “Temasek” şirkətinin ilkin mərhələdəki startaplara sərmayə yatıran “Xora” platforması rəhbərlik edib. Əvvəlki raundun əsas investoru “Mayfield” də yenidən sərmayə qoyub. Digər investorlar arasında “Aramco Ventures”, “Intel”in baş direktoru Lip-Bu Tan, “Micron”un baş direktoru Sanjay Mehrotra və “Yahoo”nun həmtəsisçisi Jerry Yang var.
        “Hang Ten Systems” iri şirkətlərin proqram hazırlaması və hazır sistemlərini yeniləməsi prosesini AI ilə dəyişmək istəyir. Startap əsasən illik gəliri 10 milyard dollardan (təxminən 17 milyard manat) çox olan şirkətlərə süni intellekt strategiyası üzrə məsləhət verir. Vishal Sikkaya görə, kod yazmağa sərf edilən vaxt və xərc sıfıra yaxınlaşır. Buna görə əsas diqqət proqramdan nə tələb olunduğunu düzgün müəyyənləşdirməyə və hazır sistemi yoxlamağa yönəlir.
        Startap müştərilərindən biri ilə ilk görüşdən cəmi 25 gün sonra vacib proqram sisteminin hazırlanması üçün milyonlarla dollarlıq müqavilə imzalayıb. Hazırkı müştəriləri və müqavilə bağlamağa yaxın olduğu şirkətləri sayanda “Hang Ten Systems” 21 iri müəssisə ilə işləyir. Startap artıq məbləği milyonlarla dollarla ölçülən bir neçə müqavilə bağlayıb. On milyonlarla dollarlıq layihələr üzrə də danışıqlar gedir. Müştərilər sırasında “Fresenius Kabi”, “Saudi Aramco” və “Siemens Energy” var.
        Şirkət yeni vəsaitlə mühəndislik, məsləhət və satış komandalarını böyüdəcək. Palo Altoda yerləşən startapın Amerika, Yaxın Şərq və Avstraliyada ümumilikdə 20-25 əməkdaşı var. Avropa və Hindistanda da yeni işçilərin götürülməsi planlaşdırılır. Texniki işlərdə “Hobie” adlı daxili platformadan yararlanılır. Bu platforma ciddi qaydalarla tənzimlənən sahələr və mürəkkəb layihələr üçün hazırlanmış, yenidən işlədilə bilən AI alətlərini birləşdirir.
        “Hang Ten Systems”in sözlərinə görə, əvvəllər 30 nəfər tələb edən bəzi layihələri indi 2-4 nəfərlik komanda görə bilir. Son keyfiyyət yoxlamasını və sertifikatlaşdırmanı müştəri və ya müstəqil tərəfdaş aparır. Şirkət xərci azaltmaqda, işi sürətləndirməkdə və ya hər ikisində 10 qat yaxşılaşma vəd edir. Sikka startapın ilk 4 ayında iri şirkətlərdən ciddi satınalma təklifləri aldığını açıqlayıb. Lakin biznesi böyütmək istədiyi üçün həmin təklifləri hələlik rədd edib.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...