main-post-cover

    Hidrogen yanacaq və CO2-nin atmosferdən yığılması qlobal istiliyin qarşısını ala bilməyəcəklər

    Süni İntellekt
    29.09.2023
    Emil Nəcəfov
        Beynəlxalq Energetika Agentliyi (IEA) 2050-ci ilə kimi karbon neytrallığının əldə edilməsi üçün yeni planını təqdim edib. Agentlik hidrogen yanacaq CO2 qazının atmosferdən yığılması kimi detallı şəkildə yoxlanmamış texnologiyalara artıq üstünlük vermir. Bunun yerinə mütəxəssislər bərpa olunan enerji mənbələrinə keçidi və təbii yanacaq növlərinin yandırılmasından imtinanı sürətləndirməyi təklif edirlər. IEA tərəfindən 2021-ci ildə təklif edilmiş plana əsasən Yer kürəsinin ortalama temperatur göstəricisini 1.5 dərəcə Selsi səviyyəsində saxlamaq üçün təbii yanacaq növlərinin axtarılması və istifadəsi layihələrinə investisiyalardan imtina edilməlidir. 2050-ci ilə qədər karbon neytrallığının əldə edilməsi üçün həmçinin hidrogen yanacaq növünə keçid və istehsalat proseslərində CO2 qazının yığılması sistemlərinin işə salınması məsləhət görülürdü.
        Sözügedən planın təqdim edilməsindən 2 il keçib və bu müddət ərzində Yer kürəsinin ortalama temperaturu artıq 1.2 dərəcə Selsi yüksəlib. Bu tendensiyanın 2050-ci ilə qədər kritik hesab edilən 1.5 dərəcə Selsi göstəricisini keçmə ehtimalı yüksəkdir. 2 il ərzində həmçinin hidrogen yanacaq texnologiyaları və CO2 qazının yığılması üzrə sistemlər özlərini az perspektivli texnologiyalar kimi sərgilədilər. Aydın oldu ki, bu texnologiyalar qısa və orta müddətli perspektivdə Yer kürəsini qlobal istiləşmədən xilas edə bilməyəcəklər. Buna görə də onlara artıq üstünlük vermək olmaz. Üstəlik daha öncə IEA parnik qazı tullantıları miqdarının yeni tenxologiyalar vasitəsilə 50% aşağı endiriləcəyinə ümid edirdisə, indi bu göstərici 35%-ə düşüb.
        IEA tərəfindən təqdim edilmiş yeni hesabatda qeyd edilib ki, hidrogenin istehsalı iqlim problemini həll etməkdən daha çox iqlim probleminin yaradılması deməkdir. Qeyd etmək lazımdır ki, hidrogen ağır nəqliyyat növlərinin tullantılarını aşağı salmalıdır. Məhz ağır nəqliyyat növləri atmosferi daha çox çirkləndirən faktorlardan biridir. Bu cür nəqliyyat növlərinə, aviasiyanı, dənizçiliyi, dəmir yollarını əhatə edən nəqliyyatları və yük maşınlarını gətirmək olar. Hidrogenin istehsalında əsasən təbii qazdan istifadə edilir. Bu isə öz növbəsində atmosferə parnik qazı tullantılarının miqdarını çoxaldır. İlk baxışdan müsbət görünən həllər hidrogenin istehsalı üçün nəzərdə tutulmuş müasir texnologiyalar vasitəsilə mənfi hallara çevrilir.
        “Karbon qazının atmosferdən yığılması çox baha başa gəlir. Biz, karbon qazının atmosferə ifrazını dayandırmaq üçün əlimizdən gələn hər bir şeyi etməliyik” - deyə IEA hesabatında qeyd edilib. Məlumatda qeyd edilib ki, karbon qazının atmosferdən yığılması texnologiyaları yalnız başqa həll yolu olmadığı halda kritik zamanlarda istifadə edilə bilər. Detallı şəkildə yoxlanılmamış texnologiyaların istifadəsi yerinə IEA bütün dünyada bərpa olunan enerji mənbələrinin güclərini 3 dəfə artırmağı məsləhət görür. Ekoloji təmiz energetikaya xərclər isə iki dəfə artırılmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər