main-post-cover

    Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkildə təyin edilib

    Süni İntellekt
    23.05.2022
    Farid Pardashunas
        NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib. Sözügedən teleskopun son 30 il ərzində əldə etmiş olduğu məlumatları analiz edərək alimlər kainatın hansı sürətlə genişləndiyini daha dəqiq təyin edə biliblər. Alimlər artıq çoxdan bilirlər ki, kainat genişlənmə prosesindədir. Bu cür nəticə vaxtı ikən qalaktikaların müşahidə edilməsi vasitəsilə əldə edilmişdi. Beləliklə qalaktikalar bizdən nə qədər uzaqda yerləşirlərsə, bir o qədər sürətlə hərəkət edirlər. Qalaktikaların Yer kürəsinə qədər olan məsafələrinə nisbətdə hərəkət etdikləri sürət Hubble sabiti adlanır. Hubble sabitinin daha dəqiq göstəricisini əldə etmək üçün alimlər parlaqlıqları yaxşı məlum olan obyektlərə qədər olan məsafələri müşahidə edirlər. Nəticədə obyektin parlaqlığı nə qədər aşağıdırsa, o, bir o qədər bizdən uzaqda yerləşir. Yaxınlıqda yerləşən qalaktikalara kimi olan məsafələrin təyin edilməsi üçün istifadə edilən bu cür kosmik göstəricilərdən biri də sefeid ulduzlardır (parlaqlığı dəyişən ulduzlar sinifi). Bunlar yüksək parlaqlığa sahib geniş radiuslu sarı nəhəng ulduzlardır.

    Daha uzaqlarda yerləşən qalaktikalara kimi olan məsafələri təyin etmək üçün alimlər Ia növ supernovalardan istifadə edirlər. Bu cür güclü ulduz partlayışları üçün də həmçinin pik parlaqlıq nöqtəsi məlumdur.

        Hubble sabiti qalaktikaya qədər olan məsafəni onun Yer kürəsindən uzaqlaşma sürəti ilə birləşdirən göstəricidir. Hubble sabiti meqaparsek üzrə km/s (kilometr/saniyə) kimi qeyd edilir. 1 meqaparsek isə 3.3 milyon işıq ilinə bərabərdir. Son onillikıər ərzində aparılmış tədqiqatlar nəticəsində alimlər belə bir qənaətə gəliblər ki, Hubble sabiti meqaparsek üzrə 70 km/s təşkil edir. Bu isə o deməkdir ki, Yer kürəsindən 1 meqaparsek məsafədə yerləşən qalaktika bizdən saniyədə 70 km sürətlə uzaqlaşır və meqaparsek göstəricisi artdıqca qalaktikanın bizdən uzaqlaşma sürəti də hər dəfə 70 km/s artacaq. İndi isə NASA mütəxəssisləri son 30 il ərzində Hubble teleskopunun müşahidə etmiş olduğu 42 ədəd qalaktika barəsində əldə edilmiş məlumatları analiz ediblər. Belə ki, onlar Hubble sabitinin daha dəqiq göstəricisini təyin etmək istəyiblər.

    Müşahidə edilmiş bütün qalaktikalara qədər olan məsafələrin təyin edilməsi yolunda istifadə edilmiş kosmik göstəricilər kimi həmin qalaktikalardakı həm sefeid ulduzlardan həm də Ia növ supernovalardan istifadə edilib.

        Nəticədə NASA mütəxəssisləri yeni tədqiqat çərçivəsində Hubble sabitinin daha dəqiq göstəricisini təyin ediblər. Beləliklə əldə edilmiş nəticəyə əsasən Hubble sabiti meqaparsek üzrə 73 km/s təşkil edir. Bundan əlavə olaraq alimlər qeyd ediblər ki, əldə edilmiş nəticədə ola biləcək xəta sadəcə olaraq meqaparsek üzrə 1 km/s təşkil edir. Alimlərin sözlərinə əsasən Hubble sabitinin daha dəqiq göstəricisinin təyin edilməsi öz növbəsində kosmoloji modeli yaxşılaşdırmağa, kainatın yaşını daha dəqiq şəkildə qiymətləndirməyə və onun gələcəyini daha yaxşı şəkildə proqnozlaşdırmağa imkan verəcək. Lakin bu məsələdə alimlərin hələ cavabını tapa bilmədikləri bir sirr var. Belə ki, Lambda-CDM adlı müasir kosmoloji model güman edir ki, Hubble sabitinin göstəricisi meqaparsek üzrə 67.3 km/s təşkil etməlidir. Alimlərin irəli sürdükləri nəzəriyyəyə əsasən ola bilsin ki, Hubble sabiti bizim lokal kainatımızda daha böyük, kosmosun uzaq sahələrində isə daha kiçikdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər