Hyundai Boston Dynamics-in tam sahibi olmağa hazırlaşır
Süni İntellekt
16.07.2026
Sevinj
Hyundai robot texnologiyaları şirkəti Boston Dynamics üzərində tam nəzarəti əldə etməyə hazırlaşır. Bloomberg nəşrinin məlumatına görə, Cənubi Koreya istehsalçısı SoftBank-ın şirkətdə qalan təxminən 9,9 faizlik payını almağı nəzərdən keçirir. Həmin payın dəyərinin təxminən 325 milyon dollar olduğu bildirilir. Hyundai 2020-ci ildə Boston Dynamics-in 80 faiz səhmini satın almışdı. Hazırda şirkət müqavilə şərtlərini və hüquqi öhdəliklərini qiymətləndirir. Sövdələşmə baş tutarsa, Boston Dynamics tamamilə Hyundai-nin nəzarətinə keçəcək.
Məlumata görə, Hyundai bu addımla süni intellekt və robot texnologiyalarını vahid ekosistemdə birləşdirməyi hədəfləyir. Şirkət hesab edir ki, bu yanaşma "fiziki süni intellekt" (Physical AI) texnologiyalarının və robot həllərinin hazırlanması, sınaqdan keçirilməsi və kommersiyalaşdırılmasını sürətləndirəcək. Hyundai-nin planlarının mərkəzində Boston Dynamics-in insanabənzər Atlas robotu dayanır. Şirkət bu robotun inkişafı üçün NVIDIA və Google DeepMind ilə əməkdaşlıq edir. Hazırkı plana əsasən, Atlas robotlarının kütləvi istehsalına 2028-ci ildə ABŞ-nin Corciya ştatında başlanılması, illik istehsal həcminin isə gələcəkdə 30 min ədədə çatdırılması nəzərdə tutulur.
Paylaş