Logo
    main-post-cover

    İnsanları süni zəka ilə əvəz edən şirkətlər indi süni zəkanın səhvlərinin əvəzini ödəyirlər

    Süni İntellekt
    17.07.2025
    Emil
         Süni zəka ilə genişmiqyaslı avtomatlaşdırmadan sonra biznes neyroşəbəkələrin yaratdıqları qeyri-dəqiqlikləri və səhvləri aradan qaldırmaq üçün mütəxəssisləri işə cəlb etməyə başlayıb. Bu sahədə işlərə tələbat artır və gəlirlilik yüksəkdir. Əvvəllər işçiləri fəal şəkildə süni zəka ilə əvəz edən şirkətlər indi neyroşəbəkələrin səbəb olduqları səhvləri düzəltmək üçün peşəkarlar axtarırlar. Məlumatlara görə, bu cür mütəxəssislərə olan tələbat xüsusilə marketinq və İT sahələrində nəzərəçarpacaq dərəcədə artıb. Məsələn, amerikalı marketinq meneceri Sarah Skidd bir neçə sifariş alıb. Bunlar süni zəka ilə hazırlanmış, lakin sifarişçilərin gözləntilərini doğrultmayan materialların təkmilləşdirilməsinə aid sifarişlər olub.
         Bir halda agentlik ona büdcəyə qənaət məqsədilə süni zəka tərəfindən hazırlanmış bir reklam mətnini yenidən yazmağı tapşırıb. Ortaya çıxan mətn primitiv və qeyri-effektiv olduğu üçün kontentin tamamilə sıfırdan yenidən işlənməsi tələb olunub. Sarah Skidd bu işə sərf etdiyi 20 saat üçün ilkin mətnin hazırlanmasına ayrılan xərcləri xeyli üstələyən məbləğdə ödəniş alıb. Bənzər vəziyyət Böyük Britaniyanın Create Designs adlı rəqəmsal agentliyində də yaşanıb. Şirkətin rəhbəri Sophie Warner qeyd edir ki, bir çox müştəri əvvəlcə yardım üçün çat-botlara müraciət edir, daha sonra isə yaranan səhvləri düzəltmək üçün peşəkarları cəlb edir. Nəticədə bu səhvlərin aradan qaldırılması, əgər əvvəlcədən mütəxəssislərə müraciət olunsaydı, baş verəcək xərclərdən xeyli baha başa gəlir.
         Bir hadisədə süni zəka tərəfindən yaradılmış səhv kod parçası müştərinin saytının bir neçə gün işləməməsinə səbəb olub və problemin aradan qaldırılması əlavə xərclər tələb edib. Ekspertlər vurğulayırlar ki, süni zəkanın görünən qənaət və sürətli işləmə imkanına baxmayaraq, o, brendin unikal xüsusiyyətlərini, hədəf auditoriyasını və dizaynın spesifikasiyasını nəzərə almır. Halbuki bu amillər marketinq kampaniyalarının uğuru üçün həyati əhəmiyyət daşıyır və yalnız insan peşəkarlığı və kontekstin dərin anlayışı ilə mümkün olur. Mütəxəssislər əmindirlər ki, texnologiyalar hələlik peşəkar insanları tam əvəz edə bilmədiyi üçün ixtisaslı kadrlar bazarda yüksək tələbat görməyə davam edəcəklər.
    Paylaş