Intel Elon Musk-ın “Terafab” çip zavoduna qoşuldu
Süni İntellekt
08.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Intel şirkəti Elon Musk tərəfindən təqdim olunan “Terafab” layihəsinə rəsmi olaraq qoşulduğunu açıqlayıb. Layihə Tesla, SpaceX və xAI kimi şirkətlərin iştirakı ilə ABŞ-nin Texas ştatının Ostin şəhərində həyata keçiriləcək.
Musk bu layihəni 2026-cı ilin mart ayında təqdim etmişdi. Əsas məqsəd süni intellekt və robot texnologiyalarını dəstəkləyəcək yüksək performanslı çiplərin istehsalıdır. Planlara görə, “Terafab” gələcəkdə ildə 1 teravatt hesablama gücü təmin edə biləcək miqyasda istehsal gücünə malik olacaq. Intel bu əməkdaşlıq çərçivəsində çiplərin dizaynı, istehsalı və paketlənməsi proseslərində əsas rol oynayacaq. Şirkət bildirib ki, onun yüksək performanslı yarımkeçirici texnologiyaları “Terafab” layihəsinin sürətlə həyata keçirilməsinə kömək edəcək.
Qeyd edək ki, Tesla və SpaceX istehsal sahəsində təcrübəyə malik olsa da, çip zavodlarının qurulması həm yüksək maliyyət, həm də uzun zaman tələb edir. Bu səbəbdən Intel kimi təcrübəli istehsalçının layihəyə qoşulması strateji addım kimi qiymətləndirilir. “Terafab” layihəsi Musk-ın şirkətlərinin süni intellekt istiqamətində daha da fokuslanmasının bir hissəsidir. Son dövrlərdə Tesla robot texnologiyalarına yönəlir, SpaceX isə orbitdə məlumat mərkəzləri qurmaq kimi ambisiyalı planlar üzərində işləyir. Hətta 2026-cı ilin fevral ayında SpaceX, Musk-un süni intellekt şirkəti xAI-ni satın alaraq bu istiqamətdə daha böyük addım atmışdı.
Digər tərəfdən, Intel son illərdə çətinliklərlə üzləşsə də, yeni nəsil prosessorlarının təqdimatı və ABŞ hökumətindən aldığı investisiyalar sayəsində mövqeyini gücləndirməyə çalışır. Şirkət eyni zamanda Arizonada tikdiyi iki böyük çip zavodunu tam gücü ilə işə salmaq üçün fəaliyyətini davam etdirir.
Paylaş