main-post-cover

    İsti içkilər üçün olan plastik stəkanlar mayeyə trilyonlarla plastik nanohissəcik ifraz edirlər

    Süni İntellekt
    26.04.2022
    Farid Pardashunas
        Alimlərə artıq məlumdur ki, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş qəhvə stəkanları ekologiya üçün əsl təhlükə mənbəyidir. Belə ki, həmin stəkanların sahib olduqları nazik plastik örtüyün təkrar emalı çox qəliz məsələdir. Aparılmış yeni tədqiqat isə onu göstərib ki, bu cür stəkanlar içkilərə mikroskopik ölçüdə olan plastik nanohissəciklər ifraz edirlər. Milli Standartlar və Texnologiyalar İnstitutunun (NIST) alimləri isti içkilər üçün nəzərdə tutulmuş bir istifadəlik stəkanları analiz ediblər. Sözügedən stəkanlar aşağı sıxlıqlı polietilen örtüyə (LDPE) sahibdirlər. Söhbət, nazik və yumşaq olan elastiki pərdədən gedir. Həmin material çox zaman su keçirməyən material qismində istifadə edilir. Alimlər tərəfindən aparılmış analiz nəticəsində məlum olub ki, bu stəkanlar 100 dərəcə Selsi temperatura sahib su ilə qarşılıqlı əlaqədə olan zaman suya trilyonlarla plastik nanohissəcik ifraz edirlər.
    Həmin plastik stəkanların tərkiblərində aşkar edilmiş nanohissəciklər:
        “Bu məsələdə əsas nəticə ondan ibarətdir ki, mikroplastik istənilən yerdə mövcuddur. Onun sayı həddindən artıq çoxdur. Söhbət, 1 litr həcmə trilyonlarla hissəcikdən gedir. Biz onların insanlara və ya heyvanlara mənfi təsir göstərib-göstərmədiklərini bilmirik. Biz sadəcə olaraq yüksək əminliklə deyə bilərik ki, plastik nanohissəciklər her yerdədilər” - deyə alimlərdən biri qeyd edib. Bu cür plastik materiallar tərəfindən ifraz edilən nanohissəcikləri analiz etmək üçün tədqiqatçılar ilk öncə onların aşkar edilməsinin üsulunu təyin etməli idilər. “Təsəvvür edin ki, sizdə adi plastik qəhvə stəkanı var. Stəkandakı maye daxilində milyardlarla hissəcik ola bilər və biz onların arasında nanohissəciklərin necə aşkar edilməsini təyin etməliyik. Bu isə samanlıqda iynə axtarmaq kimi bir şeydir. Biz, stəkandakı suyu götürüb onu nazik duman şəklində püskürdür və daha sonra qurumasını gözləyirdik” - deyə tədqiqatçılar qeyd ediblər.
        Bu üsul sayəsində nanohissəciklər mayenin digər hissəsindən ayrılıblar. Qeyd etmək lazımdır ki, bu üsul daha əvvəllər atmosferdə mikroskopik ölçülü hissəciklərin aşkar edilməsində də istifadə edilib. Beləliklə alimlərin bu üsuldan istifadə etmələrindən sonra ayrılmış nanohissəciklərin konkret ölçülərini təyin etmək və onların kataloqlarını yaratmaq mümkün olub. Aşkar edilmiş nanohissəciklərə isti butanol (spirt növü) buxarı vasitəsilə təsir edilib. Bu proses nəticəsində spirt kondensasiya olunandan sonra hissəciklərin ölçüləri nanometrdən mikrometr göstəricilərə kimi böyüyüb. Alimlər təyin ediblər ki, nanohissəciklərin ortalama ölçüləri 30-80 nanometr təşkil edir. Bununla belə onlardan ən böyüklərinin ölçüləri 200 nanometrdən çox təşkil edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər