
İT sahənin məzunları süni intellekt səbəbilə iş tapa bilmirlər
Süni İntellekt
15.08.2025
Emil
The New York Time-ın yeni materialı göstərib ki, hazırda ABŞ əmək bazarında bir problem yaranıb: bir neçə il əvvəl informasiya texnologiyaları boom-undan ruhlanan, müvafiq ixtisaslara malik indiki universitet məzunları işsizlik və mənəvi məyusluqla üzləşirlər. Onların işini, əslində, süni intellekt əlindən alıb. Ötən onillikdə, indiki Amerika universitet məzunları gələcək karyera yolları barədə təsəvvür formalaşdırarkən, bir çox iri korporasiyalar onların iş perspektivlərini olduqca parlaq şəkildə təsvir edirdilər. Məsələn, 2012-ci ildə Microsoft-un direktorlarından biri olan Brad Smith dünənki tələbələri illik 100 000$ əməkhaqqı, üstəlik 15 000$ “başlanğıc müavinəti” və 50 000$ dəyərində şirkət səhmləri şəklində opsionlarla cəlb edirdi. Elə bilirdi ki, proqram təminatı inkişafı üzrə mütəxəssislərin əla həyat perspektivləri var.

Həqiqətən, bu cür təşviqat və müvafiq ixtisas üzrə mütəxəssislərə tələbat ötən il ABŞ-da İT sahəsində təhsil alan tələbələrin sayının 170 000-i keçməsinə gətirib çıxardı ki, bu da 10 il əvvəlki səviyyədən 2 dəfədən çoxdur. Lakin pandemiya dövründə bazar şəraitindəki dəyişikliklərdən qaynaqlanan müvəqqəti yüksəliş enişlə əvəz olundu. İri korporasiyalar, kifayət qədər böyük iş təcrübəsinə malik insanlar da daxil olmaqla, informasiya texnologiyaları sahəsindəki mütəxəssislərin ştatlarını ixtisar etməyə başladılar. Dünənki tələbələr üçün əmək bazarında daha təcrübəli həmkarları ilə rəqabət aparmaq çətin olduğundan, universiteti bitirdikdən dərhal sonra bu sahədə iş tapmaq problemli hala gəlib. Vəziyyəti daha da çətinləşdirən amil proqram təminatının hazırlanmasında süni intellektin hər yerdə tətbiq olunmasıdır. Hazırda bu üsulla ən sadə və rutin əməliyyatlar avtomatlaşdırılır ki, əvvəllər məhz bu işlərə universitet məzunları iddia edə bilirdilər.

Əslində, süni intellekt onları yalnız vəzifə funksiyalarının əvəz olunması baxımından deyil, başqa cür də işsiz qoyur. Məsələ ondadır ki, bir çox korporasiyalar işə qəbul prosesində namizədlərin CV-lərinin emalını da süni intellekt vasitəsilə avtomatlaşdırıblar. Nəticədə bir çox hallarda vakansiyaya müraciət edənlərin sənədləri kadr mütəxəssislərinə çatmadan, erkən mərhələdə avtomatik şəkildə kənarlaşdırılır. Əlbəttə, bir çox namizədlər də CV hazırlamağı və göndərməyi süni intellektə həvalə edirlər, lakin bu kütləvi informasiya mübadiləsi sonda universitet məzunlarının işlə təmin olunmasına gətirib çıxarmır.
The New York Times yazır ki, 25 yaşlı Zach Taylor 2023-cü ildə Oreqonda kompüter texnologiyaları sahəsində ali təhsil alıb və o vaxtdan bəri CV-sini 5762 dəfə göndərib. Lakin yalnız 13 halda müsahibəyə dəvət alıb və bu da ona indiyədək ixtisası üzrə daimi iş tapmağa imkan verməyib. Onun bir müddət əvvəl təcrübə keçdiyi elektronika istehsalı şirkəti ona iş təklif edə bilməyib, cari xərclərini qarşılamaq üçün McDonald’s-a müraciət cəhdləri isə uğursuz olub. Çünki bu sürətli iaşə restoranlar şəbəkəsi Taylor-un namizədliyini iş təcrübəsinin olmaması səbəbindən rədd edib. Hazırda o, potensial işəgötürənlərin və ya investorların diqqətini cəlb etmək məqsədilə öz proqram təminatı layihələrini hazırlamağa məcburdur və onun yeganə dolanışıq mənbəyi işsizlik müavinətidir.

Universitet məzunlarının dövlət qurumlarında iş tapmaq cəhdləri də son vaxtlar uğursuzluqla nəticələnir. Buna səbəb, ABŞ-da bu ilin yanvarında Donald Trump-ın hakimiyyətə gəlməsindən sonra Elon Musk-ın bu sahədəki fəaliyyəti nəticəsində bir çox əməkdaşın işsiz qalmasıdır. Mənbənin istinad etdiyi məzunlardan biri, ixtisası üzrə iş tapmaq üçün çoxsaylı cəhdlərdən sonra, sonda texnologiya şirkətinin satış üzrə mütəxəssisi olmaq təklifini qəbul edib. Bu, iş axtarışı prosesinin nisbətən uğurlu nəticəsi sayılır, çünki bir çox gənc İT mütəxəssisi sonda peşə bacarıqlarının lazım olmadığı sürətli iaşə restoranlarında çalışmaq məcburiyyətində qalır.
Paylaş