
James Webb erkən kainatda mövcudluqları mümkün hesab edilməyən nəhəng qalaktikalar kəşf edib
Süni İntellekt
24.02.2023
Emil
James Webb kosmik teleskopu müasir kosmoloji nəzəriyyələri şübhə altına atan kəşflər etməyə davam edir. Teleskopun sahib olduğu infraqırmızı cihazların həssaslığı kainatın erkən inkişaf mərhələlərindəki obyektləri təyin etməyə imkan verir. Gözləntilərin əksinə alimlər erkən kainatda çoxlu sayda ulduz və qalaktika aşkar ediblər. Bu isə elmi fərziyyələrə zidd olan bir faktdır. Keçən il James Webb istifadəyə veriləndən sonra onun ilk müşahidələri çərçivəsində ilk ulduzlar ilə qalaktikalara namizəd olan çoxlu sayda obyekt kəşf edildi. Söhbət, kainatın Böyük partlayışdan sonra 300-800 milyon il yaşı olan zamanlardan gedir. Kainatın bu inkişaf müddətində fəzada çoxlu sayda ulduzların və nəhəng ölçülü qalaktikaların formalaşması üçün çox az miqdarda materiya olub.
Buna görə də Böyük partlayışdan sonra qısa müddət ərzində bu cür ulduzlar ilə qalaktikaların olması təəccübləndirmir. Əsas təəccübləndirən faktor onların çox sayda olmasıdır. Beləliklə James Webb vasitəsilə aparılmış yeni müşahidələr çərçivəsində alimlər Böyük partlayışdan sonra kainatın 500 milyon ildən 800 milyon ilə kimi olan müddətində formalaşdıqları hesab edilən 6 yeni qalaktikanı kəşf ediblər. Məsələnin maraqlı tərəfi isə ondadır ki, aşkar edilmiş qlaaktikalar kainatın ən cavan qalaktikalarına namizəd olmaları ilə yanaşı onlar həmçinin yüksək kütləli qalaktikalardır. Tərkiblərindəki ulduzların sayı baxımından aşkar edilmiş qalaktikalar bizim Süd Yolu qalaktikamız ilə eynidirlər.
Belə ki, həmin qalaktikalarda 100 milyarda yaxın ulduz mövcuddur. Bu faktı alimlər qalaktikaların parlaqlıqları vasitəsilə dolayı yolla təyin ediblər. Bu cür yüksək kütləli qalaktikaların erkən kainatda formalaşması üçün onların hər birində hər il 100 yeni ulduz yaranmalı idi. Spiral formasında olan Süd Yolu kimi qalaktikalarda isə hər il 3 yeni ulduz yaranır. Kəşf edilmiş yeni qalaktikalar spektroskopik müşahidə prosesindən keçəcəklər. Bu isə öz növbəsində bu qalaktikaların bizdən nə qədər uzaq məsafədə yerləşdiklərini və Böyük partlayışdan sonra hansı zaman aralağında formalaşdıqlarını təyin etməyə imkan verəcək.
Paylaş
Bənzər xəbərlər