main-post-cover

    James Webb kosmik teleskopu Saturnun peyki Enseladın su buxarı ifraz etdiyini aşkar edib

    Süni İntellekt
    30.05.2023
    Farid Pardashunas
        James Webb kosmik teleskopu Saturn planetinin peyklərindən biri olan Enseladın kosmosa nəhəng su buxarı ifraz etdiyini aşkar edib. Bununla belə ifraz edilən su buxarında canlı orqanizmlərin formalaşmaları üçün nəzərdə tutulmuş lazımlı kimyəvi elementlər mövcuddur. Məlumata əsasən kosmik teleskop Enselad tərəfindən ifraz edilmiş su buxarının fotosunu keçən ilin noyabr ayında çəkib. Lakin alimlər onu 17 may tarixində elmi konfransların birində sərgiləyiblər. Alimlərin sözlərinə əsasən ifraz edilmiş su buxarı sözün əsl mənasında nəhəng olub. Faktiki olaraq Enseladın su buxarını ifraz etdiyi daha öncə də məlum idi. Lakin James Webb-in təkmilləşdirilmiş təchizatları sayəsində məlum olub ki, ifraz edilən su buxarı kosmosa daha öncə düşünüldüyündən daha uzaq məsafəyə ifraz edilir.
        Söhbət, Enseladın diametr (504 km) göstəricisindən daha uzaq olan məsafədən gedir. Enseladın su buxarları barəsində məlumat ilk dəfə 2005-ci ildə əldə edilmişdi. Həmin vaxtda NASA-nın Cassini adlı kosmik aparatı Enseladın səthindəki çatlar arasından ifraz edilən buz hissəciklərini kəşf etmişdi. Enselad tərəfindən ifraz edilən su buxarları o qədər güclüdürlər ki, onların hətta Saturn halqalarından birinin formalaşmasında iştirak etdikləri güman edilir. Aparılmış müşahidələr nəticəsində məlum olub ki, bu cür su buxarlarının tərkib hissəslərini metan, CO2 ammonyak təşkil edir. Bu orqanik molekullar isə həyat formasının yaranması üçün vacib olan faktorlardan biridir. Hətta belə bir fərziyyə də var ki, peyk tərəfindən ifraz edilən su buxarlarının mənbələrindən biri də həyat forması ola bilər. Belə ki, su buxarlarının tərkib hissələrini təşkil edən metan peykin daxilində potensial ola biləcək canlı orqanizmlərin həyat fəaliyyətlərinin məhsulu ola bilər.
        Məlumdur ki, həyatın formalaşması üçün vacib olan faktorlardan biri də sudur. Enseladın səthi qalın buz örtüyü ilə əhatə olunmasına baxmayaraq müşahidələrə əsasən onun səthinin alt hissəsində nəhəng okean mövcud ola bilər. Alimlər güman edirlər ki, Cassini və James Webb tərəfindən kıəşf edilmiş su buxarı Enseladın səthinin alt hissəsində yerləşən nəhəng okeanın iştirakı ilə baş verən hidrotermal proseslərin nəticəsidir. Alimlər artıq indidən Enseladda həyat formasının axtarışı üçün nəzərdə tutulmuş missiyanı planlaşdırırlar. Plana əsasən Enceladus Orbilander adlı kosmik aparat 6 ay ərzində Enseladın orbitində yerləşəcək və onun səthinə yaxın məsafədə uçaraq lazımi nümunələrin yığılması ilə məşğul olacaq. Bununla yanaşı peykin səthinin alt hissəsinə xüsusi robotun göndərilməsi də planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər