main-post-cover

    James Webb teleskopu iki qalaktikanın birləşməsini sərgiləyib

    Süni İntellekt
    27.10.2022
    Farid Pardashunas
        James Webb kosmik teleskopu çəkdiyi fotolarla heyrətləndirməyə davam edir. Bu dəfə teleskop iki qalaktikanın birləşməsini sərgiləyib. Yer kürəsindən 270 milyon işıq ili uzaqlığında iki qalaktika bir-birilə toqquşaraq qarşılıqlı əlaqə vəziyyətindədirlər. Birləşmə prosesində olan bu cütlük IC 1623 adlanır və o, Balina bürcündə yerləşir. Son zamanlar müxtəlif kosmik fotoları ilə insanları heyrətləndirən James Webb teleskopu bu dəfə iki qalaktikanın birləşməsini görmək imkanını verib. Birləşmə prosesi çərçivəsində bu qalaktikalarda intensiv şəkildə yeni ulduzların yaranmaları baş verir. NASA-dan olan alimlərin sözlərinə əsasən bu iki qalaktikada yeni ulduzların yaranma sürəti bizim qalaktikamız olan Süd Yolunda yeni ulduzların yaranma sürətindən 20 dəfə yüksəkdir.
        Hubble adlı digər məşhur kosmik teleskopunun birləşmə prosesində olan bu iki qalaktikanın daha öncə fotosunu çəkmiş olsa da, James Webb tərəfindən əldə edilmiş fotoda daha çox detalı görmək olar. Bunun səbəbi isə ondadır ki, Hubble işığın ultrabənövşəyi diapazonunda, James Webb isə infraqırmızı diapazonunda çalışmaq üçün nəzərdə tutulub. Bu öz növbəsində James Webb-ə ulduzları əhatə edən kosmik tozun o tərəfinə nəzər salmağa və daha detallı və rəngarəng fotoların çəkilməsinə imkan verir. Elmi nöqteyi nəzərdən bu cür fotolar daha çox məlumatı çatdıra bilirlər.
        Alimlərin fikirlərinə əsasən çəkilmiş yeni fotoda əks olunan iki qalaktikanın birləşməsi prosesi artıq final mərhələdədir. İki qalaktika birləşəndən sonra vahid qalaktika əmələ gələcək. Lakin bu, yaxın bir neçə il ərzində baş verməyəcək. Bunun üçün bir neçə yüz və ya daha çox il lazım olacaq. Başqa sözlə desək, uzaq gələcəkdə mövcud olacaq teleskoplar bu qalaktik birləşmə nəticəsində formalaşmış vahid qalaktikanı görə biləcəklər. Bununla belə həmin vahid qalaktikada çoxlu sayda yeni ulduz mövcud olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər