Logo
    main-post-cover

    Keçmiş MrBeast işçisi AI əsaslı platforma yaradıb

        Qısa videolara tələbat sürətlə artır. Instagram, Facebook, YouTube və TikTok kimi platformalarda hər gün milyardlarla video izlənir. Bu sürətli artım həm şirkətlərə böyük qazanc gətirir, həm də məzmun yaradıcılarını daha çox kontent çəkməyə məcbur edir. Süni intellektlə hazırlanmış aşağı keyfiyyətli videoların çoxalması da bu təzyiqi artırır.
        MrBeast-in keçmiş çalışanı Jay Neo isə düşünür ki, AI məzmun yaradıcılarının nəyin işlədiyini anlamasına və yeni ideyalar yaratmasına kömək edə bilər. Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, o, keçmiş “Palantir” mühəndisi Shivam Kumar və Harry Jones ilə birlikdə “Palo” adlı platforma qurub.
        Neo 18 yaşında MrBeast komandasına qoşulub. O, izləyicilərin videodan nə zaman çıxdığını və niyə qaldığını öyrənməyə fokuslanıb. Şirkətdə çalışdığı müddətdə ən böyük uğurlarından biri, insanlara “Parisdən baget gətirmək üçün təyyarəyə minmək istəyib-istəmədiklərini” soruşduqları və 1,8 milyard baxış toplamış video formatı olub.
        2023-də Neo MrBeast-dən ayrılaraq “Creaky” adlı bir neçə kanal açdı və aylıq baxışlarını milyardlara çatdırdı. Bu təcrübələr ona göstərdi ki, kontent formulu və analitika böyük gücə malikdir. Məhz buna görə o, bu bilikləri məhsula çevirməyi qərara alıb.
        Palo platformasının əsas funksiyaları:
        •    AI əsaslı ideya və planlama aləti
        •    Analitika və performans qiymətləndirməsi
        •    Məzmun yaradıcıları üçün icma
        Məzmun yaradıcısı platformaya qoşulduqda öz hesablarını əlaqələndirir və Palo onların bütün qısa videolarını analiz edərək işə yarayan və zəif tərəfləri göstərir. CTO Shivam Kumar deyir ki, platforma müxtəlif model və alqoritmlərlə videolardan “hook”, auditoriya reaksiyası, mövzu maraqları, orijinallıq və axtarışla bağlı potensial açar sözləri çıxarır.
        Daha sonra sistem bu məlumatlardan yaradıcıya uyğun “şəxsi kontent personası” formalaşdırır. AI planlayıcı isə çatbot kimi işləyir və istifadəçilərə skript yazmaqdan vizual storyboard yaratmağa qədər bir çox funksiyanı təqdim edir.
        Platformanın icma hissəsi hələ ilkin mərhələdədir və yaradıcıların bir-biri ilə mesajlaşmasına imkan verir. Test dövründə “Palo” 1 milyondan çox izləyicisi olan 40 məzmun yaradıcısı ilə işləyib. Bu gündən etibarən platforma 100 min izləyicidən yuxarı hesabları qəbul edir. Başlanğıc paketi aylıq 250 dollar, daha yüksək istifadə üçün əlavə paketlər mövcuddur. Startup Peak XV-in “Surge” proqramından 3,8 milyon dollar investisiya alıb. İnvestorlar komandanın həm yaradıcı sahəsindəki təcrübəsinə, həm də texniki biliklərinə güvəndiklərini bildiriblər.
        “Palo” AI ilə yaradıcılar arasında gərginliyin artdığı bir dövrdə bazara çıxır. Bir çox platforma AI alətlərini gücləndirsə də, bəzi məzmun yaradıcıları, o cümlədən MrBeast AI-ın sənətə mənfi təsir edə biləcəyini düşünür. Neo isə deyir ki, Palo məzmun yaradıcılarını eyni formaya salmaq üçün deyil, onları uğurlu istiqamətə yönləndirmək üçündür. Yaradıcı Sambuca isə deyir ki, AI alətləri məzmun yaradıcıları ilə birlikdə hazırlanmalıdır, əks halda çoxlu lazımsız məlumat təqdim edərək iş prosesini çətinləşdirə bilər.
    Paylaş