main-post-cover

    Kəşf edilmiş ən qədim qalaktikalar əslində qaranlıq materiya tərkibli ulduzlar ola bilərlər

    Süni İntellekt
    13.07.2023
    Farid Pardashunas
        James Webb adlı kosmik teleskopun fəaliyyətinin ilk ilində o, çoxlu sayda yeni kəşflərin edilməsinə səbəb oldu. Onun vasitəsilə alimlər kainatın 300 milyon il yaşı olduğu zaman mövcud olmuş qalaktikaları kəşf edə bildilər. Nəticədə onlar elmə məlum olan ən qədim qalaktikalar statusunu qazandılar. Lakin bəzi alimlərin sözlərinə əsasən kəşf edilmiş ən qədim qalaktikalar əslində qaranlıq materiyadan təşkil edilmiş ulduzlar ola bilərlər. Qeyd etmək lazımdır ki, qaranlıq materiyadan təşkil edilmiş ulduz kimi bir kosmik obyekt indiyənə kimi heç zaman müşahidə edilməyib. Bizim kainat barəsində biliklərimiz çox azdır. Onların əksəriyyəti isə ümumiyyətlə nəzəri modellərə əsaslanır. Ən müasir təchizatlar vasitəsilə aparılan müşahidələr öz növbəsində bu və ya digər nəzəriyyəni təsdiq və ya inkar etməyə imkan verir.
        James Webb kosmik teleskopu da bu cür təchizatlardan biridir. Sözügedən teleskopun çox həssas sensorları bizə 13 milyard il ərzində gəlib çatmış kosmik işığı təyin etməyə və beləliklə kainatın Böyük partlayışdan sonrakı ilk illərinə nəzər yetirməyə imkan verir. James Webb Böyük partlayışdan sonra 300-400 milyon il yaşa sahib 3 kosmik obyekti kəşf edib. Onlara JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z11-0 adları verilib. Bu kosmik obyektlərdən gələn şüalanmanın spektral analizi onu göstərib ki, onların həqiqətən də 300-400 milyon il yaşları var. Faktiki olaraq onlar kainatın ən qədim qalaktikalarından biridirlər. Onların kütlələri təqribi olaraq 100 milyon Günəş kütləsinə bərabərdir.
        Lakin ABŞ-ın Kolgeyt Universitetindən olan Cosmin Ilie, Jillian Paulin Texas Universitetindən olan Katherine Freese sözügedən 3 kosmik obyektin qalaktikalar olduqlarına şübhə ilə yanaşıblar. Onlar bu kosmik obyektlərin identifikasiyalarının alternativ versiyasını əsaslandıran elmi işi təqdim ediblər. Alimlərin aparmış olduqları riyazi modelləşdirməyə əsasən James Webb vasitəsilə kəşf edilmiş 3 kosmik obyekt əslində qaranlıq materiyadan təşkil edilmiş ulduzlardır. Elm kainatdakı ilk ulduzların bizim hal hazırda müşahidə etdiyimiz ulduzlardan fərqlənə biləcəyini güman edir. Məhz bunun fonunda JADES-GS-z13-0, JADES-GS-z12-0 və JADES-GS-z11-0 adlı obyektlər əslində qalaktikalar deyil, kainatın ilk ulduzları ola bilərlər. Sözügedən ulduzların tərkibləri də bizim hal hazırda müşahidə etdiyimiz ulduzların tərkiblərindən fərqlənə bilərlər.
        Biz adətən ulduzları müşahidə edən zaman onlarda termonüvə reaksiyasını görürük. Bu reaksiya çərçivəsində hidrogen heliuma çevrilir. Kainatın ilk ulduzlarında isə əsas maddə kimi qaranlıq materiya çıxış etmiş ola bilər. Bu cür ulduzlarda termonüvə reaksiyası əvəzinə zərrəcik ilə qaranlıq materiyanın antizərrəciyinin toqquşması reaksiyası getməlidir. Biz hələ qaranlıq materiyanın əslində nə olduğunu bilmədiyimiz halda nəzəri cəhətdən bunun mümkün olduğu aydındır. Təəssüflər olsun ki, James Webb-in təchizatları bu qədər uzaq məsafədə yerləşən obyektlərin helium izlərini təyin etmək üçün yetəri həssaslığa sahib deyillər. Əks halda həmin obyektlərdə termonüvə reaksiyalarının gedib-getmədiklərini və nəticədə onların adi qalaktikalar və ya ulduzlar olduqlarını təyin etmək mümkün olardı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər