main-post-cover

    Kimyəvi tullantılar səbəbilə kloun balıqların cinsləri erkəkdən dişiyə dəyişir

    Süni İntellekt
    07.12.2021
    Farid Pardashunas
        Alimlər rif balıqları arasında qeyri-adi çoxalma dövrünü aşkar ediblər. Belə ki, alimlər aşkar ediblər ki, sözügedən balıqlar müəyyən müddətdən sonra partnyor qazanmaq üçün öz cinslərini dəyişirlər. Aparılmış tədqiqat onu göstərib ki, ətraf mühitdə olan kimyəvi maddələr balıqları dişi cinsdə qalmağa məcbur edirlər. Bu isə öz növbəsində onların çoxalma proseslərinə ciddi təhlükə mənbəyi kimi çıxış edir. Bisfenol A (BFA) və 17a-etinilestradiol (EE2) adlı maddələr heyvanların orqanizmlərində endokrin sistemi ilə hormonların çalışma proseslərini pozan maddələrdir. Bir qayda olaraq bu, onların təbii çoxalma proseslərini məhdudlaşdırır.
        BFA plastik butulka kimi bir çox plastik məhsulların tərkib hissələrini təşkil edir. EE2 isə çox zaman hamiləliyə qarşı nəzərdə tutulmuş dərman preparatlarında rast gəlinir. Sözügedən maddələr xəstəxana və istehsalat müəssisələrinin tullantı suları və digər tullantı növləri sayəsində okeana daxil olurlar. Hələ bir neçə müddət bundan öncə alimlər aşkar etmişdilər ki, BFA ilə EE2 heyvanları feminizasiya prosesinə (dişiləşmə) sövq edirlər. Bu proses şirin su balıqlarında və siçanlarda müşahidə edilib. Lakin alimlər özlərinə sual veriblər ki, bu halda cinsi tamamilə ətraf mühitdən asılı olan balıqlar ilə nə baş verir?

    Kloun balıqlar böyük olmayan qruplar şəklində yaşayırlar. Hər bir qrup bir alfa-dişidən, bir beta-erkəkdən və çoxalma məsələsində qeyri-reproduktiv erkəklərdən ibarət olur. Bu balıqların cinsləri genetika ilə deyil, onların mövcud olduqları ətraf mühit ilə təyin edilir.

        Yəni ətraf mühit bu balıqların cinsi dəyişikliklərinə təsir göstərir. Nəticədə dişi balığın qrupdan ayrılması halında erkək balıq dişiyə və ya erkək balıqlar həmcinsləri ilə partnyorluq vəziyyətinə keçdikləri halda onlar dişiyə çevrilirlər. Tədqiqatçılar yetkinləşməmiş erkəklərdən ibarət bir neçə qrupu birləşdiriblər və onları gündə 2 dəfə müxtəlif şəkildə qidalandırıblar. Belə ki, balıqların birinci qida qəbullarında BFA tərkibli qidalar, ikinci qida qəbullarında isə EE2 tərkibli qidalar verilib. Hər bir qrupda 9 cüt balıq olub. Beləliklə bu proses çərçivəsində tədqiqatçılar balıqları 6 ay ərzində müşahidə ediblər.
        Qidalardakı BFA ilə EE2 miqdarları bu maddələrin ətraf mühitdəki miqdarları ilə təyin edilib. Kloun balıqlar öz cinslərini dəyişə bildiklərinə görə tədqiqatçılar müxtəlif göstəriciləri analiz ediblər. Bura balıqların davranışları, beyinlərindəki genlərin ekspressiyası (gendəki irsi məlumatın funksional məhsula, yəni RNT-yə və ya zülala çevrilməsi prosesi) və hormonlarının səviyyəsi daxil olublar. Məlum olub ki, feminizasiya effekti balıqların təkcə davranışlarına təsir etmir. BFA tərkibli qidalar qəbul etmiş balıqlarda testikulyar toxumalara rast gəlinməyib və onlarda dişi balıqlarda olduğu kimi aşağı səviyyəli androgen hormonlar (erkək cinsi hormonlar) aşkar edilib.

    Bununla yanaşı BFA tərkibli qidalar qəbul etmiş balıqlarda feminizasiyadan cavabdeh olan beyin genlərinin yüksək səviyyəli ekspressiyası müşahidə edilib. Dişi balıqların daha düşməncəsinə davrandıqlarına baxmayaraq BFA maddəsi tədqiqatda iştirak etmiş balıqların aqressivlik səviyyələrini də aşağı salıb.

        EE2 tərkibli qidalar qəbul etmiş balıqlarda da bu cür hallar müşahidə edilib, lakin BFA-dan fərqli olaraq onlar özlərini kəskin şəkildə göstərməyiblər. Əvvəlki tədqiqatlar güman edirdilər ki, BFA estrogen (dişi cinsi hormonlar) reseptorları ilə əlaqəyə girir. Lakin EE2 maddəsi estrogeni imitasiya etdiyi və gizli effektlərə sahib olduğu üçün BFA fərqli şəkildə çalışır. Ola bilsin ki, BFA digər hormonların reseptorlarına təsir edir və ya androgen siqnalların ötürülməsini məhdudlaşdırır.
        Alimlər növbəti təcrübələrin aparlmasını planlaşdırırlar. Təcrübədə iştirak etmiş balıqların gələcək aqibətləri müşahidə ediləcək. Belə ki, tam yetkinlik dövrünə çatmaq üçün onlara 6 aydan çox vaxt lazımdır. Daha uzun zaman intervalı isə BFA təsiri altında feminizasiya səviyyəsini daha aydın şəkildə göstərəcək. Lakin bir yekun nəticə artıq aydındır. Belə ki, bu balıqlar öz cinslərini yalnız erkəkdən dişiyə dəyişə bilirlər. Əgər BFA təbiət şəraitində onların cinslərini dəyişirsə, onlar yenidən erkək cinsinə qayıda bilməyəcəklər. Bu isə onların çoxalma prosesləri üçün təhlükəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər