main-post-cover

    Kosmosda ölümdən sonra insan bədəni ilə nə baş verəcək?

    Süni İntellekt
    24.01.2022
    Emil Nəcəfov
        Yaxın gələcəkdə kosmik turizmin çox məşhur olacağı faktını nəzərə almaqla, kosmosda baş verə biləcək bədbəxt hadisələrin ehtimalı da artır. Nəticədə kosmosda ola biləcək ölüm hadisəsi təəccüblü bir şey olmayacaq. Ənənə üzrə astronavtlar kosmosa uçmazdan öncə ciddi tibbi müayinədən və təlimdən keçirlər. Buna görə də kosmosda təbii səbəblərdən ölüm halları əhəmiyyətsiz hesab edilir. Lakin kosmik turizmin start götürəcəyi bir dövrdə tibbi müayinə ümumiyyətlə keçirilməyə və ya az sayda keçirilə bilər. Bu səbəbdən də belə bir sual ortaya çıxır: Kosmik turistlərdən kiminsə kosmosda öləcəyi halda nə baş verəcək? BKS-in (Beynəlxalq Kosmik Stansiya) keçmiş komandiri Chris Hadfield-in sözlərinə əsasən kosmosa olacaq çıxışlar potensial təhlükələrdən biri ola bilər. Bu halda çox kiçik ölçülü meteoritlər astronavtın skafandrını deşə bilərlər. Skafandr isə öz növbəsində astronavtı oksigen ilə təmin edir və onu ekstremal temperaturlardan qoruyur.

    Bu cür bədbəxt hadisənin baş verəcəyi halda insan bədənindəki su ehtiyatı 10 saniyə ərzində buxarlanacaq və maye əvəzinə orqanizm hava ilə dolacaq. 15 saniyədən sonra insan huşunu itirəcək. 30 saniyədən sonra isə ağciyərlər parçalanacaq və insan iflic olacaq. Nəticədə kosmosdakı insan həyatını itirəcək.

        Bu halda hansısa müsbət bir faktor varmı? Bəli, var. Belə ki, boğulma prosesi bədənin donmasından öncə baş verəcək. Çünki istilik vakuum şəraitində bədəni daha ləng tərk edir. Bu cür bədbəxt hadisənin baş verdiyi halda kosmosdakı ölü insan bədəni ilə nə etmək lazımdır? Belə bir hadisənin nəticəsi ilə müşaiyətçi komanda üzvləri məşğul olmalıdırlar. NASA kosmosda ölü insan bədəni ilə necə rəftar edilməsi üzrə rəsmi siyasətə sahib deyil. Lakin Chris Hadfield qeyd edib ki, BKS-də keçirilən təlimlər həqiqətən də bu cür ehtimalı əhatə edirlər. O bildirib ki, bu cür halda digər astronavtlar ölü insan bədəni ilə təhlükəli bioloji yük kimi rəftar etməli olacaqlar. Nəticədə onlar mövcud vəziyyət çərçivəsində ölü bədənin saxlanma variantlarını təyin etməli olacaqlar. Belə ki, bu cür hal üçün öncədən hazırlanmış zona mövcud deyil.

    Yaranmış problemi həll etmək üçün komanda heyəti çox güman ki, ölü bədəni xüsusi möhürlənmiş torbanın daxilində, torbanı isə kosmik gəmin xaricində saxlamalı olacaq.

        Kosmik gəmin xaricində saxlanılacaq bədən kosmosun aşağı temperatur təsirinə məruz qalacaq və müəyyən müddətdən sonra tamamilə donacaq. NASA daha əvvəllər kosmosda ölü bədənlərin emalı imkanlarını nəzərdən keçirirdi. Təklif edilmiş variantlardan birinə əsasən ölü bədən maye azot vasitəsilə dondurulmalıdır. Bu halda onu kiçik donmuş hissələrə ayırmaq olar. Beləliklə ölü bədən hissələri mövcud zonada daha az yer tutacaqlar. Lakin nəyə görə ölü bədəni sadəcə olaraq kosmosa buraxmaq olmaz? Ölü bədənin trayektoriyasını dəyişə biləcək raket olmadan onu kosmosa buraxmaq nəticəsində o çox güman ki, kosmik gəminin ardınca uçacaq. Bundan əlavə olaraq kosmosa istənilən tullantının atılması (insan qalıqları da daxil olmaqla) qadağandır. Belə ki, kosmosa atılmış insan bədəni digər peyklər və kosmik aparatlar ilə toqquşa bilər.
    Linki kopyala