Texas Universitetindən tədqiqatçılar küçələrin səs yazılarından həmin küçənin real görünüşünü inanılmaz dəqiqliklə yarada bilən süni intellekt sistemi hazırlayıblar.
Şəhərlərin küçələrinə və ya digər məkanlara baxaraq həmin yerlərə uyğun səs effektləri yaradan süni intellekt alətləri artıq mövcuddur. Lakin bu yeni texnologiya tam əksini edir və küçələrin səs yazılarından onların real görüntülərini yüksək dəqiqliklə yarada bilir. Texas Universitetindən dosent doktor Yuhao Kang və onun həmkarları tərəfindən hazırlanan "soundscape-to-image" modeli 10 saniyəlik audio-vizual kliplərdən ibarət bir məlumat bazasında öyrədilib.
Bu kliplər, Şimali Amerika, Asiya və Avropadakı şəhər və kənd küçələrindən alınan statik görüntülər və ətraf səslərindən ibarətdir. YouTube videolarından götürülmüş bu məlumatlar əsasında dərin öyrənmə alqoritmləri, hansı səslərin görüntülərdəki hansı elementlərə uyğun gəldiyini və hansı səs xüsusiyyətlərinin hansı vizual mühitlərlə əlaqəli olduğunu öyrənib. Təlim başa çatdıqdan sonra sistemdən 100 fərqli küçə görüntüsü videosunun yalnız qeydə alınmış ətraf səsinə əsasən görüntülər yaratması tələb olunub və hər video üçün 1 görüntü yaradılıb.
Daha sonra bir qrup münsif bu görüntülərin hər birini digər küçələrə aid 2 fərqli hazırlanmış görüntü ilə müqayisə edərək əsas götürülmüş video səs yazısını dinləyib. Daha sonra 3 görüntü arasından hansının səs yazısına uyğun gəldiyini müəyyən etmələri istənib və bu, 80% dəqiqliklə doğru müəyyən olunub. Bundan əlavə, yaradılmış görüntülərin kompüter analizi onu göstərib ki, həmin görüntülərdə səmanın, yaşıllıqların və binaların nisbətləri orijinal videolarla güclü şəkildə uyğun gəlir. Hətta bir çox hallarda yaradılmış görüntülər, mənbə videoların işıqlandırma şəraitini – məsələn, günəşli, buludlu və ya gecə olduğunu da əks etdirib. Bu, ehtimal ki, gecə azalan nəqliyyat səsləri və ya gecə həşəratlarının səsləri kimi faktorların nəticəsi ola bilər.
Bu texnologiya, səs yazısının harada qeydə alındığı barədə təxmini bir fikir əldə etmək kimi məhkəmə sahəsində istifadə oluna biləcək potensiala malik olsa da, araşdırma əsasən səsin məkan hissimizi necə formalaşdırdığını öyrənməyi hədəfləyir. Elm adamları Nature jurnalında dərc olunmuş məqalələrində bu işin əhəmiyyətini belə izah edirlər: "Nəticələr görmə və eşitmə qavrayışlarının insanın psixi sağlamlığına təsiri barədə biliklərimizi artırmaq, şəhər dizaynına yön göstərmək və icmaların ümumi həyat keyfiyyətini yaxşılaşdırmaq üçün istifadə edilə bilər".