Mark Zuckerberg: Meta-nın AI strategiyası gözlədiyimiz qədər uğurlu getmir
Süni İntellekt
03.07.2026
Sevinj
Mark Zuckerberg Meta-nın süni intellekt strategiyasının gözlənildiyi qədər uğurlu olmadığını etiraf edib. Reuters-in əldə etdiyi məlumata görə, şirkətin daxili toplantısında çıxış edən Zuckerberg AI agentlərinin inkişaf tempinin onun gözlədiyindən daha yavaş olduğunu bildirib. Xatırladaq ki, Meta may ayında süni intellekt strategiyası çərçivəsində təxminən 8 min əməkdaşını işdən çıxarmış, əlavə olaraq 7 min əməkdaşı isə AI layihələrinə yönləndirmişdi. Həmin dövrdə Zuckerberg süni intellekti "ömrümüzün ən vacib texnologiyası" adlandıraraq, bu sahədə lider olacaq şirkətlərin gələcək nəsli müəyyənləşdirəcəyini söyləmişdi.
Son açıqlamalar göstərir ki, şirkət daxilində aparılan yenidənqurma prosesi planlaşdırıldığı qədər problemsiz keçməyib. Zuckerberg etiraf edib ki, rəhbərlik dəyişikliklərin vaxtını düzgün hesablaya bilməyib və AI-a keçid prosesi daha "təmiz" şəkildə həyata keçirilə bilərdi. Məlumata görə, ilin əvvəlində Meta-nın bəzi yüksək vəzifəli rəhbərləri şirkətin süni intellekt sahəsində rəqiblərindən geri qalacağından narahat idi. Bu səbəbdən şirkət sürətli transformasiya qərarları qəbul edib.
Meta-nın AI strategiyası şirkət daxilində narazılıqlara da səbəb olub. İşçilərin fəaliyyətinin AI vasitəsilə izlənilməsi və kütləvi struktur dəyişiklikləri əməkdaşların motivasiyasına mənfi təsir göstərib. Şirkət isə işçi məmnuniyyətini artırmaq üçün müxtəlif təşəbbüslərə, o cümlədən əlavə sosial imkanlara və ofisdə kiçik güzəştlərə əl atıb. Buna baxmayaraq, Meta süni intellekt istiqamətində geri çəkilməyi düşünmür. Zuckerberg hesab edir ki, şirkətin AI-a milyardlarla dollarlıq investisiyalarının real nəticələri yaxın üç-altı ay ərzində daha aydın görünəcək.
Paylaş