Logo
    main-post-cover

    Mark Zuckerberg yeni süni intellekt laboratoriyasına milyardlarla dollar vəsait sərf edir

         Wall Street-dən olan investorlar Mark Zuckerberg-in Meta şirkətinin tərkibində yaratdığı Superintelligence Labs adlı yüksək məxfi şöbə ilə bağlı daha çox aydınlıq əldə etməyə çalışırlar. Sənayenin aparıcı mütəxəssislərinin cəlb olunması üçün genişmiqyaslı işə qəbul kampaniyasına milyardlarla dollar sərf olunur. Meta süni intellekt sahəsindəki ən nüfuzlu mütəxəssisləri 100 milyonlarla dollarlıq çoxillik maaş təklifləri ilə cəlb edir. Şirkətin süni intellekt modelləri rəqiblərdən geri qalmağa başladıqdan sonra Meta məqsəd qoyub ki, OpenAI, Apple Google mühəndislərini öz tərəfinə çəkərək bu sahədə lider olsun. Onlara Superintelligence Labs-də iş təklif olunur - bu şöbə Zuckerberg-in planına görə, 1.8 trilyon dollar dəyərində olan korporasiyanın bürokratik yükü olmadan, lakin onun maliyyə imkanları ilə, startap prinsipləri əsasında fəaliyyət göstərməlidir.
         Zuckerberg Superintelligence Labs-i Menlo-Park şəhərində yerləşən Meta şirkətinin baş ofisində ayrıca iş sahəsində yerləşdirib, onu şirkətin digər süni intellektlə bağlı bölmələrindən təcrid edib və son həftələrdə laboratoriyanın əməkdaşları ilə görüşlər keçirib. Laboratoriyaya keçmiş Scale AI baş direktoru Alexandr Wang və keçmiş GitHub baş direktoru Nat Friedman rəhbərlik edirlər. Laboratoriyanın fəaliyyəti şirkətin digər hissələrindən ciddi şəkildə gizlədilir. onun iddialı planları və büdcəsi barədə nə investorlar, nə də daxili mənbələr məlumatlıdır. Gözlənilir ki, Meta şirkəti ikinci rüb üzrə maliyyə hesabatını açıqlayanda son 2 ilin ən zəif mənfəət artımını elan edəcək. Financial Times-ın laboratoriyaya yaxın mənbəsinin bildirdiyinə görə, bölmənin dəqiq strategiyası hətta öz əməkdaşlarına belə açıqlanmayıb - komanda hələ də formalaşma mərhələsindədir və Meta daxilində təcrid olunmuş vəziyyətdə fəaliyyət göstərir.
         Mark Zuckerberg əvvəllər də yeni texnologiyaya böyük diqqət qoyub. 2022-ci ildə rəqəmsal aktivlərin zirvə dövründə o, səlahiyyətlərindən istifadə edərək şirkətin adını Meta olaraq dəyişdi. Bu addımla o, metakainat quruculuğu layihəsinə sadiqliyini nümayiş etdirmək istədi. Lakin layihə hələ də ciddi zərərlə üzləşir. Konsepsiya uğursuz alındı, istehlakçıların etimadını qazana bilmədi və şirkətin səhmləri son 6 ilin minimum səviyyəsinə düşdü. OpenAI ChatGPT ilə qlobal səs-küy yaradanda Zuckerberg başa düşdü ki, bu yeni inqilabi texnologiyada üstünlük Meta üçün həyati əhəmiyyət daşıyır - sosial və reklam platforması kimi lider mövqeyini qorumaq üçün. Sosial şəbəkələrdə süni intellekt rəqəmsal yoldaş rolunu oynaya və istifadəçilərin cəlb olunması üçün məhdudiyyətsiz şəkildə fərdiləşdirilmiş məzmun yarada bilir - həmçinin hədəfli reklamlar göstərmək imkanı da var.
         Süni intellekt həmçinin Meta-ya reklamverənlər üçün prosesləri avtomatlaşdırmağa və tövsiyə sisteminin səmərəliliyini artırmağa kömək edib. Hazırda sosial şəbəkə nəhəngi OpenAI və Anthropic kimi şirkətlərlə rəqabət aparır. Bu şirkətlər investorlar tərəfindən milyardlarla dollar alıb və onlara inkişaf və mənfəət vəd ediblər. Meta isə Google və Amazon-un yolunu izləyir. Onlar da süni intellektə xərclərini artırıblar, lakin investorların müqavimətini aşmaq məcburiyyətində qalıblar. Zuckerberg-in süni intellekt təşəbbüsünə Meta investorları bu dəfə qarşı çıxmadı - əksinə, şirkətin səhmləri bu il 20% artıb. Hərçənd süni intellektin tətbiqi Meta üçün reklam biznesində faydalı olub, investorlar şirkətin aparıcı süni intellekt tətbiqi və ya platforması təqdim edə bilməsi ehtimalına ehtiyatla yanaşırlar. Gözlənilir ki, rüblük hesabat zamanı şirkət gəlir və mənfəət artımının zəiflədiyini açıqlayacaq.
         Apreldə Meta kapital xərclərinə dair proqnozunu 10% artıraraq 64 milyard dollardan 72 milyard dollaradək aralığa yüksəltmişdi. Ekspertlərin sözlərinə görə, Superintelligence Labs layihəsi şirkətə illik əlavə 1.5 milyard dollardan 3.5 milyard dollara qədər başa gələ bilər. Süni intellekt mütəxəssislərinə xərclərin kəskin artması layihənin təcili xarakter daşıdığını göstərir, lakin yaxın perspektivdə bu, mənfəəti azalda bilər. Zuckerberg əmindir ki, bu xərclər öz bəhrəsini verəcək. Onun fikrincə, infrastruktur və insan resurslarına 100 milyardlarla dollar həcmində investisiyalar Meta-nın “çox güclü biznes modeli” ilə əsaslandırılır. Zuckerberg süni intellekt sahəsində aparıcı tədqiqatçıların siyahısını tərtib etməyə hələ mart ayında başlamışdı.
         Hazırda yeni bölmədə sahənin təxminən 50 aparıcı mütəxəssisi çalışır - bu struktur müstəqil fəaliyyət göstərərək Llama modelinin yeni versiyalarını hazırlayacaq və şirkətin süni intellektlə bağlı fəaliyyət sahələrini kurasiya edəcək. Aparıcı tədqiqatçıların aqressiv şəkildə işə cəlb olunması bəzi həmkarların narazılığına səbəb olub. Məsələn, OpenAI-nin baş direktoru Sam Altman bəyan edib ki, Meta-nın yeganə məqsədi qazanc əldə etməkdir. Digər tərəfdən, sosial şəbəkə nəhəngi müraciət etdiyi mütəxəssislərin yalnız kiçik bir hissəsini cəlb edə bilib.
         Meta-nın Safe Superintelligence Thinking Machines Lab startaplarını alması ehtimalı da müzakirə olunub, lakin hər iki şirkət təklifi rədd edib, baxmayaraq ki, birincidən şirkətin həmtəsisçisini özünə cəlb etməyə müvəffəq olub. Bu dəyişikliklərin Meta-da artıq uzun müddət çalışan tədqiqatçıların işinə necə təsir edəcəyi dəqiq bilinmir. Lakin Meta-nın tədqiqat bölməsi FAIR-də süni intellekt üzrə baş mütəxəssis Yann LeCun, artıq yeni rəhbər Alexandr Wang-a tabe olsa da, şirkətdəki missiyasının dəyişmədiyini bildirib. Sürətli addımların əsas səbəbi isə Llama 4 model ailəsinin rəqiblərindən zəif çıxması olub. Meta layihəni tam bağlamasa da, əməkdaşlarına digər şirkətlərin modellərindən istifadə etməyə icazə verib.
    Paylaş