main-post-cover

    Marsda həyat növünə daha bir işarə: Curiosity aparatı Mars süxurlarında karbon izotopları aşkar edib

    Süni İntellekt
    19.01.2022
    Emil Nəcəfov
        Mars planetinə eniş etdiyi vaxtdan indiyənə kimi NASA-nın Curiosity aparatı müxtəlif kəşflər edib. Lakin onun yeni kəşfi artıq uzun illər ərzində mövcud olan sualın cavabını verə bilər. Marsda həyat növü mövcuddurmu? Bir neçə müddət bundan öncə Curiosity aparatı Mars süxurlarının nümunələrində karbon elementini aşkar etmişdi. Daha doğrusu söhbət, karbon izotoplarından gedir. Həmin izotoplar Yer kürəsində bioloji proseslər ilə əlaqəlidirlər və Marsda hansısa həyat növünün mövcudluğuna işarə edə bilərlər. Lakin aşkar edilmiş karbonun hansısa həyat növünə işarə edib-etməməsindən öncə alimlər onun mənşəyini təyin etməyə çalışırlar.
        Belə bir fikir mövcuddur ki, Mars milyardlarla il bundan öncə həyat üçün münbit şəraitə sahib olub. Bu cür fikirin formalaşması üçün artıq bir çox sübut da mövcuddur. Güman olunur ki, keçmişdə onun səthində su və daha yüksək temperatur olub. Artıq Marsa göndərilmiş çoxlu sayda aparat onun səthində mikroorqanizmlərin axtarışı ilə məşğul olub. Lakin bu axtarış hələ də davam edir və alimlər Yer kürəsindən kənarda həyat növünün həqiqətən də mövcud olduğuna dair tutarlı sübutlar əldə etmək istəyirlər.

    “Biz, Marsda maraqlı şeylər aşkar edirik. Lakin bizim həyat növünü aşkar etdiyimizi söyləməyimiz üçün daha tutarlı sübutlar lazımdır. Buna görə də biz, karbonun yaranmasına səbəb olmuş faktorları aşkar etmək üçün müşahidələrimizi davam etdiririk” - deyə mütəxəssislər bildiriblər.

        Öz missiyası ərzində Curiosity aparatı Geyl kraterindəki süxur nümunələrini analiz edib. Süxurların növbəti analiz mərhələlərində aparat Tunable Laser Spectrometer (TLS) adlı spektrometrdən istifadə edib. Missiyanın gedişatında iştirak etmiş alimlər aparat tərəfindən əldə edilmiş süxur nümunlərini yüksək temperatura kimi qızdırıblar. Bunun vasitəsilə onlar nümunələrdə olan qazların ifraz olunmalarına nail olublar. Daha sonra onlar nümunələrdəki izotopları analiz edərək karbon elementinə rast gəliblər. Nümunələrin demək olaraq yarısında çoxlu miqdarda karbon-12 izotopuna rast gəlinib. Nümunələrdə aşkar edilmiş karbon-12 izotopunun miqdarı Mars atmosferində aşkar edilmiş karbonun miqdarından daha çox olub.
        Karbon elementi 2 stabil izotopa sahibdir: Karbon-12 və karbon-13. Nümunələrdə mövcud olan bu izotopların nisbətlərinə əsasən onlardakı karbonun yaranma özəlliklərini təyin etmək olar. Yer kürəsində karbon bütün canlı növlərin tərkib hissələrinə daxildir. Planetimizdəki canlılar metabolizm və ya fotosintez üçün karbon-12 izotopunun atomlarından istifadə edirlər. Buna görə də Marsdakı süxur nümunələrində aşkar edilmiş çoxlu miqdarda karbon-12 izotopu sözügedən planetdə qədim həyat növünün mövcudluğuna işarə edir. Lakin Mars süxurlarında karbon necə əmələ gəlib? Mars ilə bağlı yeni kəşfi etmiş alimlər karbonun yaranması üzrə 3 mümkün variantı nəzərdən keçirdirlər:
    - Birinci varianta əsasən karbon ultrabənövşəyi işığın atmosferdə CO2 qazı ilə qarşılıqlı əlaqəsi nəticəsində yaranmış ola bilər. Bunun nəticəsində karbon tərkibli yeni molekullar yaranırlar və daha sonra onlar Mars səthinə enmiş ola bilərlər.
    - İkinci varianta əsasən Günəş sistemi öz erkən tarixinin hansısa anında Marsda aşkar edilmiş karbon izotopu ilə zəngin olmuş böyük molekulyar buludun daxilindən keçib.
    - Üçüncü variant isə Marsda həyat növünün mövcud olduğu faktını irəli sürür.
        Alimlərin fikirlərinə əsasən bakteriyaya bənzər qədim orqanizmlər atmosferə metan ifrazını reallaşdırmış qədim bakteriyalar tərəfindən yaradılmış ola bilərlər. Həmin bakteriyaların atmosferə ifraz etdikləri metan qazı atmosferdə ultrabənövşəyi işıq ilə qarşılıqlı əlaqədə olub və nəticədə metan daha böyük və qəliz molekullara çevrilib. Həmin yeni molekullar Mars səthinə eniş etmiş və nəticədə Mars süxurlarında karbon izotoplarını qoruyub saxlamış ola bilərlər. Nəzərdən keçirilən hər 3 variant mövcud məlumatlar ilə üst-üstə düşür. Sadəcə olaraq variantların hər birinin doğru olub-olmadığını yoxlamaq üçün daha çox məlumat lazımdır.
    Linki kopyala