
Marsda yaşayış koloniyasının yaradılması üçün nə qədər insan lazımdır?
Süni İntellekt
23.08.2023
Emil
Mars planeti artıq uzun illərdir ki, tədqiqat xarakterli robotlar üçün doğma məkana çevrilib. Marsa robotların göndərilməsi prosesi nisbətən asan olsa da, insanların ora göndərilməsi məsələsində hər şey daha qəliz olur. Alimlər gələcəkdə Marsda ola biləcək koloniyada yaşayacaq insanların öz aralarındakı qarşılıqlı əlaqələrin davranış və psixoloji özəlliklərini analiz etməyə qərar veriblər. Nəticədə alimlər maraqlı bir nəticəyə gəliblər. Onların fikirlərinə əsasən Marsda koloniyanın yaradılması və yaradılmış koloniyanın dəstəklənməsi üçün cəmi 22 nəfər insan kifayət edir.
Alimlər Mars koloniyasının imitasiyası üçün xüsusi model yaradıblar və yaradılmış model təcrid edilmiş mühitdə yüksək stress səviyyəsi altında insanların yüksək effektivli çalışmalarına əsaslanıb. Bu cür mühitə Arktikanı və ya BKS-i (Beynəlxalq Kosmik Stansiya) misal gətirmək olar. Bu cür simulyasiya çərçivəsində müxtəlif bacarıqlara, sabitlik dərəcəsinə, stress səviyyəsinə və 4 psixoloji özəllikdən (nevrotik, reaktiv, sosial və xoşagələn) birinə sahib insanlar arasındakı qarşılıqlı əlaqə prosesi modelləşdirilib. Alimlər həmçinin Marsdakı mühiti də nəzərə alıblar.
Modelləşmə 28 gün ərzində davam edib və proses çərçivəsində 10 nəfərdən 175 nəfərə kimi müxtəlif sayda insandan ibarət fərqli qruplar müşahidə edilib. Nəticədə alimlər təyin ediblər ki, Marsdakı koloniyanın dəstəklənməsi üçün ilkin mərhələdə 22 nəfərdən ibarət qrup tələb edilir. Bununla belə xoşagələn psixoloji profilə sahib olan insanların bu cür mühitdə sağ qalmaq şansları daha çox olur. Aparılmış tədqiqat onu göstərib ki, nevrotik psixoloji profilə sahib insanlar digər psixoloji profillərə sahib şəxslərlə müqayisədə bu cür mühitdə daha mütəmadi şəkildə həyatlarını itirirlər. Alimlər bu tədqiqat vasitəsilə insan davranışının araşdırılmasını gələcək kosmik səyahətlərin vacib bir parçası kimi qeyd etmək istəyiblər.
Paylaş
Bənzər xəbərlər