Logo
    main-post-cover

    Meta-nın süni intellekt şöbəsi artıq mütəxəssislərini itirməyə başlayıb

         Ən azı 3 süni intellekt tədqiqatçısı, şirkətin baş direktoru Mark Zuckerberg-in cəmi 2 ay əvvəl yaradıldığını elan etdiyi Meta Superintelligence Lab (MSL) bölməsindən ayrılıb. Onlardan ikisi Meta-da 1 ay da çalışmadan əvvəlki iş yerlərinə - OpenAI-ya qayıdıblar. Meta-dan ayrılanlardan biri Avi Verma olub. O daha əvvəl OpenAI-da tədqiqatçı kimi çalışmışdı. Ethan Knight da OpenAI-da çalışmışdı, lakin Meta-ya Elon Musk-ın xAI şirkətindən keçmişdi. Meta-nın elit laboratoriyasından ayrıldığını elan edən üçüncü tədqiqatçı isə Rishabh Agarwal olub. O, aprel ayında şirkətdə süni intellekt layihələri üzərində işləməyə başlamış, daha sonra MSL-ə keçmişdi. Meta nümayəndəsi Dave Arnold bildirib: “İntensiv işə qəbul prosesi zamanı bəziləri yeni işə başlamaqdansa, mövcud işlərində qalmağa qərar verirlər. Bu, normaldır”.
         Meta-dan həmçinin Chaya Nayak da ayrılıb. O, burada təxminən 10 il çalışıb və generativ süni intellekt məhsullarının inkişafı üzrə direktor vəzifəsindən OpenAI-a keçərək xüsusi təşəbbüslər üzərində işləyəcək. Mütəxəssislərin gedişi ictimaiyyət üçün bir siqnal oldu ki, MSL hələ başlanğıcda çətinliklərlə üzləşə bilər. Meta yeni şöbəyə insanları texniki mütəxəssislərə yox, daha çox idman ulduzlarına xas olan, 9 rəqəmli maaşlarla cəlb edirdi - bu addımla şirkət ümumi süni intellekt (AGI) yaradılması yarışında rəqiblərinə tez bir zamanda çatmağa ümid edirdi. Belə bir süni intellekt insanla müqayisədə heç nədə geri qalmamalıdır. Layihə bir neçə bürokratik və kadr problemlərini aradan qaldırmalı oldu. İyul ayında laboratoriyanın baş elmi işçisi vəzifəsinə ChatGPT-nin yaradılmasında əsas rol oynamış, keçmiş OpenAI əməkdaşı Shengjia Zhao təyin edildi. Mənbələrin bildirdiklərinə görə, o həmçinin OpenAI-a qayıtmağa cəhd edib və hətta bununla bağlı sənədləri imzalayıb.
         Mövqelərini gücləndirmək məqsədilə Meta süni intellekt sahəsində startaplarla sıx əməkdaşlıq qurdu. Meta-nın yeni süni intellekt direktoru Alexandr Wang, hansı ki, daha əvvəl Scale AI şirkətindən keçmişdi, məşhur şəkil və video generatorları üzrə ixtisaslaşmış startap Midjourney ilə tərəfdaşlıq sazişi imzalandığını açıqladı. Saziş iki şirkətin tədqiqat bölmələri arasında texniki əməkdaşlığı nəzərdə tutur. Bu təşəbbüs göstərir ki, süni intellekt vasitəsilə videoların yaradılması Meta-nın fəaliyyətinin mühüm aspektinə çevriləcək. Şirkət Facebook Instagram-da süni intellekt funksiyalarını monetizasiya etməyə çalışır. Sosial şəbəkə nəhəngi aqressiv kadr kampaniyası başlatdıqda, bu, OpenAI-da müəyyən narahatlıq doğurmuşdu, lakin bir neçə gün bundan öncə Meta bu fəaliyyəti dayandırdığını elan etdi - bəlkə də indiyə qədər şirkət qoyduğu hədəflərə nail olub.
    Paylaş