
Meta-nın superintellekt laboratoriyası barəsində təfərrüatlar verilib
Süni İntellekt
08.08.2025
Emil
Meta Platforms-un superintellekt və yeni Llama süni intellekt modelinin versiyasını hazırlayan, geniş şəkildə reklam olunan yeni bölməsinin artıq rəsmi adı var. Sözügedən komanda TBD Labs adını alıb, ilkin layihəyə və sürətlə böyüyən işçi siyahısına sahibdir, burada digər şirkətlərdən cəlb olunmuş əməkdaşlar da var. Daha əvvəl Meta, süni intellekt sahəsindəki fəaliyyətini Meta Superintelligence Labs (MSL) adlı bölmədə birləşdirmək niyyətini açıqlamışdı. Meta-nın rəhbəri Mark Zuckerberg-in sözlərinə görə, hər kəsə şəxsi superintellektə çıxış imkanı yaratmaq missiyasını daşıyan MSL bölməsi, əvvəllər Scale AI adlı süni intellekt startapına rəhbərlik etmiş və şirkətin bu startapdakı payının alınması müqabilində Meta-ya qoşulmuş Alexandr Wang-ın rəhbərliyi altındadır.

Meta-nın yeni bölməsi hər bir insandan daha ağıllı olacaq superintellektin yaradılmasında ön sıralardadır. Bu məqsədə çatmaq üçün sosial şəbəkə nəhəngi rəqib şirkətlərdən istedadlı mühəndisləri özünə cəlb edib, bəzilərinə isə 10 milyonlarla, hətta 100 milyonlarla dollar ödəyib. TBD Labs həmçinin Llama süni intellekt modelinin ən yeni versiyasının hazırlanmasına da rəhbərlik edir. Məlumata görə, ötən həftə Wang tabeliyindəki əməkdaşlara məktub göndərərək bildirib ki, onların bölməsi şirkətin digər süni intellekt üzrə inkişaf komandaları ilə birlikdə müxtəlif layihələrin həyata keçirilməsi üzərində çalışacaq. Bu layihələrə əsas süni intellekt modellərinin buraxılışları, modelləşdirmə imkanlarının genişləndirilməsi və süni intellekt agentlərinin yaradılması daxildir.

“Son 1 ayda bu əməkdaşlıq istiqamətlərinin hər birində əhəmiyyətli irəliləyiş gördüm. Bu isə bizə texniki baxımdan daha iddialı olmağa, eyni vaxtda bir neçə ayrı layihə üzərində paralel işləməyə və nəticədə qabaqcıl nəticələrə daha sürətlə nail olmağa imkan verir” - deyə Wang-ın müraciətində deyilib. Yeni Llama versiyasının hazırlanmasına Google-dan TBD Labs-a gəlmiş Jack Ray rəhbərlik edir. Məlumatlı mənbələrin sözlərinə görə, Llama-nın hazırlanması Meta Llama və TBD Labs komandalarının birgə səyləri ilə aparılır. Yeni sni intellekt modelinin hələ rəsmi adı yoxdur, lakin tərtibatçılar onu Llama 4.5 və ya Llama 4.X adlandırırlar. Qeyd edək ki, Meta superintellektin hazırlanmasına böyük investisiyalar qoymağa davam edir.
Paylaş