Logo
    main-post-cover

    Meta rəqəmsal reklam sahəsində innovativ süni zəka sistemi üzərində çalışır

    Süni İntellekt
    07.05.2025
    Sabina
         Mark Zuckerberg bildirib ki, Meta bütün reklam kampaniyası dövrünü avtomatlaşdırmağa qadir olan bir süni zəka sistemi üzərində çalışır. Bizneslərə yalnız kampaniyanın məqsədini müəyyənləşdirmək, nəticəyə görə nə qədər ödəniş etməyə hazır olduqlarını göstərmək və bank hesabını birləşdirmək kifayət edəcək - süni zəka sistemi isə bu məqsədlərə avtomatik olaraq çatmağa çalışacaq. Belə bir məhsulun əsas komponenti Facebook, InstagramThreads platformalarında süni zəka tərəfindən yaradılmış minlərlə "test" reklamının yerləşdirilməsi olacaq. San-Fransiskoda keçirilmiş Stripe Sessions konfransında Zuckerberg bu sistemi “biznes nəticələrini təmin edən bir maşın” kimi xarakterizə edib və bunun indiyə qədər yaradılmış ən dəyərli süni zəka layihələrindən biri ola biləcəyini deyib.
         O bu konsepsiyanı ilk dəfə Stratechery podkastında Ben Tompson-a verdiyi müsahibədə, konfransdan 1 həftə əvvəl açıqlayıb. Onun sözlərinə görə, sistem “qara qutu” kimi fəaliyyət göstərəcək və başdan sona qədər istifadəçi müdaxiləsi olmadan işləyəcək. Zuckerberg əlavə edib ki, belə bir sistem reallaşarsa, bütün rəqəmsal reklam sənayesinə geniş təsir göstərəcək. Meta artıq generativ süni zəkanı reklam alətlərinə inteqrasiya edib. Zuckerberg-in sözlərinə görə, hazırda bu alqoritmlər o qədər dəqiq işləyir ki, müştərilərin demoqrafik göstəriciləri göstərməsinə ehtiyac qalmır - süni zəka hədəf auditoriyanı insanlardan daha yaxşı müəyyən edə bilir.
         Növbəti addım isə bu texnologiyanın reklamların yaradılmasında tətbiqi olacaq: Meta bir reklam ideyasının 4000-ə qədər variantını generasiya etməyi, onları real vaxtda istifadəçilər üzərində test etməyi və ən effektiv olanı seçməyi planlaşdırır. Biznes bu alətdə üstünlük görə bilər, lakin istifadəçilər üçün vəziyyət fərqli görünür. Meta-nın sosial platformaları artıq generativ məzmunla həddindən artıq doludur - şəkillərdən və şərhlərdən tutmuş çat-botlara qədər. İndi isə görünür, generativ süni zəkanın daha bir kateqoriyası - reklam da Meta sosial şəbəkələrini bürüməyə hazırdır.
         Bu, narahatlıq doğurur, çünki Meta öz sosial şəbəkələrini test meydanına çevirir, burada istifadəçi diqqəti sərf olunan resursa çevrilir. Əvvəllər Meta-nın müştəri ilə məhsulu kim olduğu tam aydın deyildisə, artıq buna şübhə qalmayıb. Bununla belə, reklam sahəsində müəyyən ölçüdə optimist fikirlər də mövcuddur. Həftənin əvvəlində The & Partnership agentliyinin qurucusu Johnny Hornby bir məqalə dərc edib və orada qeyd edib ki, uğurlu reklam kampaniyalarının yaradılması hələ də yalnız insana məxsus bir qabiliyyətdir.
    Mənbə: Techcrunch
    Paylaş