
Meta şirkəti LLaMA adlı süni zəka əsaslı böyük dil modelini təqdim edib
Süni İntellekt
27.02.2023
Emil
Meta şirkəti Large Language Model Meta AI (LLaMA) adlı süni zəka əsaslı böyük dil modelini təqdim edib. Sözügedən dil modeli tədqiqat cəmiyyəti üçün nəzərdə tutulub. Meta bildirib ki, LLaMA dövlət, vətəndaş cəmiyyəti və akademik dairələr ilə əlaqəli olan tədqiqatçılara və təşkilatlara qeyri-kommersiya lisenziyası vasitəsilə təqdim ediləcək. Tərtibatçılar LLaMA vasitəsilə çat-botlar və süni zəka əsaslı dgər məhsullar yarada bilərlər. LLaMA-nı ChatGPT-dən fərqləndirən özəllik ondadır ki, o, ünsiyyətin qurulması üçün nəzərdə tutulmuş bir sistem deyil.
LLaMA daha çox tədqiqatlar üçün nəzərdə tutulmuş bir alətdir. Onun vasitəsilə tədqiqatçılar süni zəka əsaslı dil modellərinin problemlərini aşkar edə bilərlər. Bu cür problemlərə misal olaraq süni zəka əsaslı dil modellərinin qərəzliklərini, toksikliklərini və hər hansısa məlumatı uydurmaq bacarıqlarını gətirmək olar. Məlumatda qeyd edilib ki, LLaMA bir neçə versiyada təqdim ediləcək: LLaMA-7B, LLaMA-13B, LLaMA-33B və LLaMA-65B. Bu versiyaların adları qarşısında olan nömrələr onların sahib olduqları parametrlərin sayını göstərirlər. Yəni 7 milyard, 13 milyard, 33 milyard və 65 milyard ədəd parametr. LLaMA dil modeli Meta şirkətinin böyük dil modelləri sahəsindəki növbəti yeni nailiyyətidir.
Paylaş
Bənzər xəbərlər