Meta WhatsApp-ı ChatGPT və digər AI botlarına açmağa hazırlaşır
Süni İntellekt
20.05.2026
Sevinj
Technote.az “TNW” platformasına istinadən bildirir ki, Meta şirkəti Avropa bazarında rəqib süni intellekt çatbotları ilə bağlı mövqeyini yenidən dəyişməyə hazırlaşır. Şirkət Avropa Komissiyasına təqdim etdiyi yeni təklif çərçivəsində WhatsApp platformasını rəqib AI xidmətlərinə müəyyən istifadə limitinə qədər pulsuz açmağı təklif edib. Məlumata görə, yeni model çərçivəsində istifadə həddinə qədər OpenAI-ın ChatGPT-si, Perplexity AI, Anthropic şirkətinin Claude modeli və digər süni intellekt çatbotları WhatsApp-a pulsuz inteqrasiya oluna biləcək. Limit aşıldıqdan sonra isə ödəniş mexanizmi aktivləşəcək.
Bu addım Avropa Komissiyasının Meta üzərində təzyiqlərindən sonra gündəmə gəlib. Xatırladaq ki, Meta yanvar ayında WhatsApp-da bütün üçüncü tərəf AI köməkçilərini bloklamışdı. Bu qərar ChatGPT, Microsoft Copilot, Perplexity və digər xidmətlərin platformadakı fəaliyyətinə təsir etmişdi. Daha sonra mart ayında şirkət rəqib AI xidmətlərinə yenidən giriş imkanı versə də, hər mesaj üçün 0.0625 dollar ödəniş tələb etmişdi. Həm tənzimləyicilər, həm də AI şirkətləri isə bu modeli kommersiya baxımından əlverişsiz hesab etmişdilər.
Yeni təklif isə daha çox kompromis xarakteri daşıyır. Burada əsas məsələ istifadə limitinin necə müəyyən ediləcəyidir. Əgər limit yüksək olarsa və adi istifadəçilərin gündəlik istifadəsini qarşılayarsa, bu, Avropada AI çatbot bazarında rəqabəti ciddi şəkildə dəyişə bilər. Əks halda, aşağı limit əvvəlki ödəniş modelinin sadəcə fərqli formada təqdim edilməsi kimi qiymətləndirilə bilər.
Paylaş