Logo
    main-post-cover

    Microsoft ABŞ xüsusi kəşfiyyat agentlikləri üçün generativ süni zəka sistemi yaradıb

    Süni İntellekt
    08.05.2024
    Farid
         Bloomberg saytının vermiş olduğu məlumata əsasən Microsoft şirkəti superkompüter çərçivəsində ABŞ gizli kəşfiyyat xidmətləri üçün nəzərdə tutulmuş generativ süni zəkanı istifadəyə verib. Məlumatda qeyd edilib ki, istifadəyə verilmiş bu generativ süni zəka sistemi internetdən tamamilə təcrid edilib. Microsoft nümayəndəsinin sözlərinə əsasən GPT-4 əsaslı generativ süni zəka sistemi ilk dəfə olaraq internetdən tamamilə təcrid edilib. ChatGPT də daxil olmaqla bu cür süni zəka sistemləri təlimatlandırma prosesi və qanunauyğunluqların təyini üçün əsasən bulud servislər əsasında çalışırlar. Lakin Microsoft ABŞ gizli kəşfiyyat agentliklərinə təhlükəsiz süni zəka sistemini təqdim etmək istəyib.
         Bütün dövlətlərin kəşfiyyat xidmətləri ümid edirlər ki, generativ süni zəka hər gün generasiya edilən və həcm baxımından sürətlə böyüyən gizli məlumatların analizində yardımçı ola biləcəklər. Lakin kəşfiyyat xidmətləri böyük dil modellərinə müraciət ilə məlumatların sızması və ya sındırılması riski arasında müəyyən tarazlığı təmin etməlidirlər. Keçən il ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sirli olmayan sənədlərlə çalışmaq üçün nəzərdə tutulmuş ChatGPT tərzində xidməti istifadəyə vermişdi. Lakin xüsusi kəşfiyyat agentlikləri bu xidmət vasitəsilə daha konfidensial məlumatları emal edirdilər.
         “Hal-hazırda kəşfiyyat məlumatlarına generativ süni zəkanın inteqrasiyası üzrə yarış gedir. Sözügedən mövzuda generativ süni zəkadan istifadə edəcək ilk ölkə bu yarışdan qalib ayrılacaq. Mən isə bu qalibin biz olmasını istəyirəm” - deyə Mərkəzi Kəşfiyyat İdarəsinin Transmilli və Texnoloji Missiyaları Mərkəzinin direktorunun köməkçisi Sheetal Patel qeyd edib. Məlumata əsasən ABŞ gizli kəşfiyyat agentlikləri üçün nəzərdə tutulmuş generativ süni zəkanın yaradılması və onun superkompüterə inteqrasiyasına Microsoft şirkəti 18 ay vaxt sərf edib. Məlumatda qeyd edilib ki, Microsoft tərəfindən işə salınmış bu generativ süni zəka sistemi statikdir. Yəni o, daxil olan məlumatları yalnız analiz edir. Onun daxil olan məlumatlar əsasında təlimatlanmaq kimi bir özəlliyi yoxdur. Bunun sayəsində hökumət vacib konfidensial məlumatların sızması hallarını aradan qaldırır.
    Paylaş