main-post-cover

    Microsoft kiçik nümunə əsasında insan səsini imitasiya etməyi bacaran süni zəka alqoritmini təqdim edib

    Süni İntellekt
    10.01.2023
    Emil Nəcəfov
        Microsoft şirkəti süni zəka əsaslı VALL-E adlı yeni alqoritmini təqdim edib. Bu alqoritm bu və ya digər şəxsin səsini olduğu kimi imitasiya edə bilir. Bununla belə bunun üçün alqoritmə bu və ya digər şəxsin səsinin yazıldığı 3 saniyəlik nümunə də kifayət edir. VALL-E alqoritminin yaradıcıları bildiriblər ki, sözügedən texnologiya mətnin yüksək keyfiyyətli nitqə çevrilməsi üçün nəzərdə tutulmuş tətbiqlərin və müxtəlif növ audio kontentlərin hazırlanmasında faydalı olacaq. Bununla belə VALL-E audio yazıların redaktə edilməsində də istifadə edilə bilər. Belə ki, sözügedən alqoritm əldə etmiş olduğu danışıq nümunəsindəki şəxsin səsi ilə real həyatda deyilməmiş sözləri imitasiya edə bilər.
        VALL-E-nin yaradılması zamanı mütəxəssislər Meta şirkətinin EnCode adlı texnologiyasından istifadə ediblər. Bu texnologiya audio siqnalın effektiv şəkildə sıxılması imkanını verir. Mətnlərin nitq formatına çevrilməsi üçün istifadə edilən digər analoqlar ilə müqayisədə VALL-E səs dalğalarının inşa edilməsi əvəzinə insan nitqinin özəlliklərini analiz edir, analiz nəticəsində əldə edilmiş məlumatları ayrı-ayrı hissələrə ayırır və əldə etmiş olduğu nitq nümunəsi barəsində bildikləri əsasında audio yazını hazırlayır. Alqoritm 3 saniyəlik nümunədən kənarda səsin necə səslənə biləcəyini modelləşdirir. VALL-E Meta tərəfindən tərtib edilmiş LibriLight adlı kitabxana əsasında təlimatlandırılıb.
        Sözügedən kitabxana özündə 7000 nəfər şəxsin 60 000 saatlıq ingilis dili danışıq nitqini birləşdirir. Alqoritmi yaratmış mütəxəssislər qeyd ediblər ki, VALL-E generasiya etdiyi səsə lazımi emosional tonu ötürməklə yanaşı 3 saniyəlik danışıq nitqi nümunəsindəki akustik özəllikləri də imitasiya edə bilir. Yəni məsələn təqdim edilmiş səs nümunəsi telefon danışığı çərçivəsində yazılıbsa, alqoritm tərəfindən generasiya edilən səs də telefon danışığı səsini xatırladacaq. Bu texnologiyadan sui-istifadə hallarının ola biləcəyindən ehtiyatlanan Microsoft onun açıq mənbə kodunu təqdim etməyib. 
    Linki kopyala