Microsoft süni intellekt yarışında yeni mərhələyə keçdi
Süni İntellekt
03.04.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Microsoft süni intellekt sahəsində rəqabəti gücləndirmək məqsədilə üç yeni əsas (foundation) AI modelini təqdim edib. Şirkətin tədqiqat bölməsi olan Microsoft AI tərəfindən hazırlanan bu modellər mətn, səs və vizual kontent yarada bilir.
Yeni modellər Microsoft-un multimodal süni intellekt ekosistemini qurmaq strategiyasının bir hissəsi hesab olunur. Bu addım həm də şirkətin OpenAI ilə əməkdaşlığı davam etsə də, paralel olaraq öz AI modellərini inkişaf etdirdiyini göstərir. Təqdim olunan modellərdən biri MAI-Transcribe-1 adlanır. Bu model 25 fərqli dildə danışığı mətnə çevirə bilir və Microsoft-un Azure platformasındakı mövcud həllərdən 2.5 dəfə daha sürətli işləyir. Digər model MAI-Voice-1 səs generasiyası üçündür. Bu model istifadəçilərə cəmi 1 saniyə ərzində 60 saniyəlik audio yaratmağa imkan verir. Bundan əlavə, istifadəçilər bu model vasitəsilə özlərinə məxsus süni səs də yarada bilirlər.
Üçüncü model isə MAI-Image-2 adlanır və video generasiyası üçün nəzərdə tutulub. Bu model ilk dəfə martın 19-da Microsoft-un MAI Playground platformasında test üçün təqdim olunmuşdu. İndi isə hər üç model Microsoft Foundry platformasında istifadəyə verilib. Bu modellər Microsoft AI bölməsinin “Superintelligence” komandası tərəfindən hazırlanıb. Komandaya Microsoft AI-ın rəhbəri Mustafa Süleyman rəhbərlik edir. Bu komanda 2025-ci ilin noyabr ayında yaradılıb və şirkətin gələcək AI strategiyasında əsas rol oynayır.
Microsoft bildirir ki, bu modellərin əsas üstünlüklərindən biri onların Google və OpenAI modelləri ilə müqayisədə daha ucuz olmasıdır. Şirkət bununla AI bazarında daha geniş istifadəçi və şirkət cəlb etməyi hədəfləyir. Microsoft-un bu addımı göstərir ki, texnologiya nəhəngləri arasında süni intellekt sahəsində rəqabət getdikcə daha da sərtləşir və şirkətlər artıq yalnız tərəfdaşlıq deyil, öz AI modellərini yaratmağa da üstünlük verirlər.
Paylaş