
Microsoft tibbi süni zəka assistenti Dragon Copilot-u anons edib
Süni İntellekt
04.03.2025
Emil
Microsoft səhiyyə sahəsində yeni süni zəka əsaslı assistenti - Dragon Copilot-u təqdim edib. Şirkətin sözlərinə görə, bu texnologiya həkimlərin rutin inzibati işlərini azaltmaqla xəstələrə daha çox vaxt ayırmasına kömək edəcək. Dragon Copilot mövcud həllər - səs tanıma üçün Dragon Medical One və həkimlə xəstə arasındakı söhbətləri sənədləşdirmək üçün DAX Copilot texnologiyalarının birləşdirilməsi əsasında yaradılıb. Microsoft-un məlumatına görə, Dragon Copilot həkimlərə tibbi mənbələrdən məlumatları tez bir zamanda əldə etməyə, klinik qeydləri avtomatik tərtib etməyə, dərman istifadəsi ilə bağlı tövsiyələr hazırlamağa və xəstə vizitlərindən sonra yekun xülasələr yaratmağa kömək edəcək.

"Bu texnologiya sayəsində həkimlər kompüterə deyil, xəstəyə diqqət ayıra biləcəklər. Bu da daha yaxşı nəticələr əldə etməyə və ümumilikdə səhiyyə xidmətlərinin keyfiyyətini artırmağa imkan verəcək". Bu sözləri Microsoft-un qlobal səhiyyə üzrə vitse-prezidenti David Rhew jurnalistlərə açıqlamasında bildirib. Google Cloud-un 2023-cü ilin oktyabrında aparmış olduğu tədqiqata görə, həkimlər həftədə təxminən 28 saatlarını sənədləşmə kimi inzibati işlərə sərf edirlər. Bu kağız işlərinin həddindən artıq çox olması səhiyyə mütəxəssislərinin tükənmə sindromu yaşamasının əsas səbəblərindən biri hesab edilir.
Microsoft 2021-ci ildə Dragon Medical One və DAX Copilot həllərinin yaradıcısı olan Nuance Communications şirkətini 16 milyard dollara almışdı. Bununla da, süni zəka əsasında səs tanıma və mətnə çevirmə bazarında güclü oyunçulardan birinə çevrildi. DAX Copilot kimi tətbiqlər həkimlərə pasientlə ünsiyyət zamanı klinik qeydləri real vaxt rejimində aparmağa imkan verir. Microsoft-un məlumatına görə, DAX Copilot son 1 ay ərzində 600-dən çox tibb müəssisəsində 3 milyondan çox həkim qəbulunda istifadə edilib.
Mənbə: CNBC
Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
