Microsoft-un AI gəlirlərinin təxminən 70 %-i OpenAI-dan gəlir
Süni İntellekt
06.08.2026
Sevinj
Microsoft-un süni intellekt sahəsində əldə etdiyi gəlirin böyük hissəsinin OpenAI-dan gəldiyi məlum olub. Şirkətin maliyyə sənədlərinə əsasən, 2025-ci ilin iyun ayına qədər olan 12 aylıq dövrdə OpenAI Microsoft-a təxminən 24,1 milyard dollar gəlir qazandırıb. Bloomberg-in hesablamalarına görə, bu məbləğ Microsoft-un ümumi süni intellekt gəlirlərinin təxminən 70 %-ni təşkil edir. Microsoft AI bölməsinin ümumi gəlirini rəsmi olaraq açıqlamasa da, analitiklər mart ayında açıqlanan 123%-lik illik artım tempini əsas götürərək bu göstəricinin təxminən 34 milyard dollar olduğunu hesablayırlar.
Qeyd edək ki, bu gəlirin böyük hissəsi OpenAI-ın Azure bulud platformasında istifadə etdiyi hesablama resursları və model hazırlama xərclərinə görə Microsoft-a ödədiyi vəsaitdən formalaşır. Bundan əlavə, OpenAI əldə etdiyi gəlirin müəyyən hissəsini də Microsoft ilə bölüşür. Bu səbəbdən 24,1 milyard dolların hamısı birbaşa Microsoft-un öz AI məhsullarının satışından əldə olunan gəlir hesab edilmir.
Buna baxmayaraq, Microsoft OpenAI-dan asılılığını azaltmaq üçün son illərdə öz süni intellekt modellərini hazırlayıb, Azure platformasında 11 mindən çox AI modelini müştərilərə təqdim edib və Anthropic kimi şirkətlərə milyardlarla dollar investisiya yatırıb. GitHub Copilot isə artıq Anthropic, Google, xAI, Moonshot və Microsoft-un öz modellərini də dəstəkləyir. Lakin son maliyyə sənədi göstərir ki, Microsoft-un AI biznesində əsas gəlir mənbəyi hələ də OpenAI olaraq qalır.
Paylaş
