Microsoft-un AI planları “yaşıl enerji” hədəflərini təhlükəyə atır
Süni İntellekt
07.05.2026
Sevinj
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Microsoft-un süni intellekt məlumat mərkəzlərinə etdiyi böyük investisiyalar şirkətin “yaşıl enerji” hədəfləri ilə toqquşmağa başlayıb. Bloomberg-in yaydığı məlumata görə, şirkət daxilində 2030-cu ilə qədər açıqlanan ən iddialı ekoloji məqsədlərdən birinin təxirə salınması və ya zəiflədilməsi ilə bağlı müzakirələr aparılır.
Söhbət Microsoft-un 2030-cu ilə qədər istifadə etdiyi elektrik enerjisinin hər saatını eyni elektrik şəbəkəsində təmiz enerji ilə kompensasiya etmək planından gedir. Bu yanaşma adi illik karbon balansı hədəflərindən daha sərt hesab olunur. Çünki enerji şəbəkəsində istehlak və istehsal demək olar ki, real vaxt rejimində balanslaşdırılmalıdır. Lakin şirkətin AI məlumat mərkəzlərini sürətlə artırması vəziyyəti çətinləşdirib. Yeni məlumat mərkəzləri böyük həcmdə enerji tələb etdiyi üçün Microsoft daxilində bəzi rəhbərlərin bu sərt “saatlıq uyğunlaşdırma” hədəfinin artıq biznes inkişafına mane olub-olmadığını müzakirə etdiyi bildirilir.
Microsoft məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib. Şirkət yalnız bildirib ki, illik təmiz enerji uyğunlaşdırma məqsədini qorumaq üçün imkanları araşdırmağa davam edir.
Paylaş