Microsoft açıqlayıb ki, Microsoft Research tədqiqat bölməsi və Ninja Theory studiyasının (Senua's Saga: Hellblade II) tərtibatçıları süni zəka sahəsində əhəmiyyətli bir nailiyyət əldə ediblər. Şirkət Muse adlı ilk unikal süni zəka modelini təqdim edib. Bu model vizual məlumatlar və ya oyunçunun hərəkətləri əsasında oyun mühitini generasiya edə bilir. Muse 3D dünyanı, oyun fizikasını və istifadəçilərin oyunla qarşılıqlı əlaqələrini tanıyır.
Bu süni zəka modeli Ninja Theory-nin “Bleeding Edge” adlı multiplayer oyununda 7 illik real oyun təcrübəsinə əsaslanaraq təlimatlandırılıb. Microsoft texnologiyanın imkanlarını nümayiş etdirmək üçün bir neçə oyun videosu təqdim edib. Hazırda Muse “mürəkkəb oyun səhnələri” generasiya edə bilir, lakin bu, aşağı keyfiyyət (300x180 piksel və 10 FPS) və sürətlə baş verir. Model, 1 saniyəlik real oyun prosesindən (10 kadr) və istifadəçinin bütün sessiya ərzində verdiyi komandalardan istifadə edərək oyun mühitini yaradır.
Microsoft vurğulayıb ki, Muse süni zəka modeli tamamilə oyun yaratmaq və ya oyun tərtibatçılarını əvəz etmək üçün nəzərdə tutulmayıb. Əksinə, bu texnologiya interaktiv əyləncə sahəsində yeni imkanlar açmaq və yaradıcı potensialı ortaya çıxarmaq üçün tərtibatçılara kömək etməyə yönəlib. Microsoft Muse-un tətbiq oluna biləcəyi əsas sahələri belə müəyyənləşdirir:
- Klassik oyunların təkmilləşdirilməsi və yeni cihazlara uyğunlaşdırılması,
- Yeni ideyaların prototipləşdirilməsi və test edilməsi,
- Süni zəka əsaslı yeni təcrübələrin mövcud oyunlara əlavə edilməsi.
Şirkət Xbox oyunçuları və oyun tərtibatçıları ilə süni zəka alətlərini və təcrübələrini daha erkən mərhələdə paylaşmağı planlaşdırır. Bundan əlavə, Microsoft daxili studiyalarını süni zəkadan istifadə etməyə məcbur etməyəcəyini də vəd edib.