Logo
    main-post-cover

    Mütəxəssis: 'ChatGPT kimi süni zəka sistemləri zəka səviyyəsinə görə it və pişikdən geridə qalırlar'

        Meta şirkətinin süni zəka üzrə baş mütəxəssisi və müasir süni zəka texnologiyalarının əsasında duran şəxslərdən biri hesab edilən Yann LeCun bildirib ki, ChatGPT tərzində olan süni zəka sistemləri hələ lazımi səviyyədə ağılllı deyillər və onlar zəka səviyyəsi baxımından hətta it və pişikdən geri qalırlar. Machine learning sahəsində fəaliyyətinə görə 2018-ci ildə Türinq mükafatını əldə etmiş Yann LeCun Parisdə keçirilmiş VivaTech konfransında bildirib ki, böyük dil modelləri əsasında qurulmuş süni zəka sistemləri məhdudiyyətlərə sahibdirlər. Belə ki, onlar sadəcə istifadə edilmiş mətnlər əsasında təlimatlandırılırlar. LeCun-un sözlərinə əsasən Meta şirkəti süni zəkanın təlimatlandırılması məsələsində qarşısına daha qəliz bir məqsəd qoyub.
        Belə ki, şirkət süni zəkanı videolar vasitəsilə təlimatlandırmağı hədəfləyib. “Bu cür sistemlər hələ də sərt şəkildə məhdudlaşdırılıblar. Onlar real dünyanın özəllikləri ilə bağlı heç bir anlayışa sahib deyillər. Çünki onlar yalnız çoxlu sayda mətnlər vasitəsilə təlimatlandırılıblar. İnsan biliklərinin böyük hissəsinin dil ilə heç bir əlaqəsi yoxdur. Buna görə də insan təcrübəsinin böyük hissəsi süni zəka tərəfindən əldə edilə bilinmir” - deyə LeCun qeyd edib. LeCun bildirib ki, süni zəka əsaslı sistem ABŞ-da vəkil lisenziyasının əldə edilməsi üçün nəzərdə tutulmuş imtahandan keçə bilər, lakin o, qabyuyan maşına qabları yerləşdirmək imkanına sahib deyil. 10 yaşlı uşaq isə bunu 10 dəqiqəyə öyrənə bilər.
        “Bu onu sübut edir ki, insan səviyyəsində zəka ilə yanaşı adi it səviyyəsində olan zəkaya çatmaq yolunda müasir süni zəka sistemlərində nəsə böyük bir çatışmazlıq var. Bunu etməyi bacarmayana kimi biz, insan səviyyəsində zəkaya sahib süni zəkanı əldə edə bilməyəcəyik. Biz hətta it və ya pişik səviyyəsində zəkaya sahib süni zəkanı belə əldə edə bilməyəcəyik” - deyə LeCun əlavə edib. LeCun həmçinin süni zəkanın insan sivilizasiyası üçün ciddi təhlükə mənbəyinin olması ilə bağlı fikirləri sərt şəkildə tənqid edib. “Süni zəka dünyanı ələ keçirəcəkmi? Xeyr, bu sadəıcə insan təbiətinin robotlara olan proyeksiyasıdır” - deyə LeCun qeyd edib.
    Paylaş
    Bənzər xəbərlər