Nanoleaf süni intellekt və robot texnologiyalarına keçir
Süni İntellekt
08.05.2026
Sevinj
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Nanoleaf ağıllı işıqlandırma bazarında gələcəyini yalnız RGB lampalarla deyil, artıq süni intellekt, robot texnologiyaları və wellness məhsulları ilə qurmağa hazırlaşır. Şirkətin rəhbəri Gimmy Chu bildirib ki, ağıllı ev bazarı əvvəlki qədər innovativ görünmür və buna görə də şirkət yeni istiqamətlərə yönəlir.
Nanoleaf son illərdə rəqibləri olan Philips Hue və Govee ilə müqayisədə daha az yeni məhsul təqdim edib. Bunun əsas səbəbi isə şirkətin daxildə “brend transformasiyası” adlandırdığı yeni strategiya üzərində işləməsi olub.
Şirkət rəhbərinin sözlərinə görə, Matter standartının yayılması ağıllı işıqlandırma bazarında məhsulları bir-birinə çox bənzədib. Artıq müxtəlif markalar eyni platformalarda işləyən ucuz RGB lampalar təqdim etdiyindən fərqlənmək daha çətinləşib. Buna görə Nanoleaf diqqəti “embodied AI” adlanan, real dünyada fiziki cihazlarla işləyən süni intellekt texnologiyalarına yönəldir.
Şirkət bu il ən azı 3 yeni AI əsaslı məhsul təqdim etməyi planlaşdırır. Bunların arasında süni intellektlə çalışan oyuncaq, masaüstü köməkçi cihaz və robotik mikrocontroller həlləri yer alacaq. Nanoleaf həmçinin erkən yaşlı uşaqlar üçün AI texnologiyalarından istifadə edən məhsullar üzərində çalışdığını açıqlayıb.
Digər əsas istiqamət isə wellness məhsullarıdır. Şirkətin 2025-ci ildə təqdim etdiyi qırmızı işıq terapiyası maskası satış baxımından ən uğurlu məhsullardan birinə çevrilib. Bundan sonra Nanoleaf terapiya paneli və xüsusi işıq çubuqları da təqdim edib. Bu il isə isinmə, vibrasiya və masaj funksiyalı daha 4 yeni wellness cihazı satışa çıxacaq.
Paylaş