NASA-nın kosmik aparatı uğurlu şəkildə asteroidlə toqquşub (VİDEO)
Süni İntellekt
27.09.2022
Emil Nəcəfov
Tarixdə ilk dəfə insan əli ilə hazırlanmış kosmik aparat asteroid ilə toqquşub. Bunun vasitəsilə mütəxəssislər kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyiblər. NASA tərəfindən reallaşdırılmış missiya çərçivəsində əldə edilmiş nəticələr gələcəkdə Yer kürəsini potensial təhlükəli kosmik obyektlərdən qorumaq imkanını verəcəklər. NASA-nın Double Asteroid Redirection Test (DART) adlı kosmik aparatı Yer kürəsindən 11 milyon km uzaqlıqda yerləşən Dimorf adlı asteroidlə toqquşub. Toqquşma anı Bakı vaxtı ilə gecə saat 03:14-də baş tutub. Reallaşdırılmış missiyanın əsas məqsədi Didim adlı asteroidin ətrafında dövr edən Dimorf adlı digər asteroidin uçuş orbitini dəyişmək olub. Adları sadalanmış bu iki asteroid Yer kürəsinə heç bir təhlükə sərgiləmirlər. Buna görə də NASA bu cür missiyanın reallaşdırılmasına qərar verib.
NASA mütəxəssislərinin sözlərinə əsasən baş tutmuş bu missiya uğurla yekunlaşıb. 550 kq ağırlığında olan DART aparatı saatda 22 530 km sürət yığaraq Dimorfla toqquşub. Məlumatda qeyd edilib ki, prosesin böyük hissəsi aparat tərəfindən avtonom rejimdə reallaşdırılıb. Aparatın konstruksiyasında olan kamera toqquşma anına kimi hər saniyə ərzində bir foto çəkərək Yer kürəsinə göndərib. Son göndərilmiş fotolar arasında asteroidin səthini görmək mümkündür. Təbii ki, toqquşma baş verəndən sonra fotoların göndərilməsi dayanıb. Asteroidlərin orbitlərinin dəyişilməsi istiqamətində kinetik təsir alimlər tərəfindən təqdim olunan hələ ki, yeganə üsuldur. Yer kürəsinin daha böyük ölçülü kosmik obyektlə toqquşma ehtimalı az olsa da, bu cür risk mövcuddur. NASA mütəxəssisləri bizim planetimiz üçün ciddi təhlükə mənbəyi ola biləcək bir sıra asteroidi artıq aşkar ediblər.
Dimorf və Didim asteroidlərindən ibarət sistemin bu test üçün seçilməsi heç də təsadüfi deyil. Belə ki, Dimorfun Didim ətrafında dövr müddəti 11 saat 55 dəqiqə təşkil edir. Buna görə də orbitdə ola biləcək istənilən dəyişiklik tez bir zamanda təyin ediləcək. Gözləntilərə əsasən DART ilə toqquşma Dimorfun öz orbitində sürətini təqribi olaraq 10 dəqiqə yüksəldəcək. DART missiyasının ilk nəticələri artıq bugün təqdim edilməlidir. Alimlər güman edirlər ki, toqquşma nəticəsində Dimorfun səthində 20 metr ölçüdə krater yaranıb. Toqquşmadan uzun müddət öncə DART aparatının konstruksiyasından LICIACube adlı kubsat (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) ayrılmışdı. Sözügedən kubsat toqquşma ərazisinin fotolarını çəkib. Həmin fotolar bir neçə gündən sonra təqdim olunmalıdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!