main-post-cover

    NASA Perseverance adlı aparatın Mars səthinə necə eniş edəcəyini göstərib (VİDEO)

    Süni İntellekt
    28.12.2020
    Emil Nəcəfov
        Gələn ilin fevral ayının ortasında Perseverance adlı aparatın Mars planetinə çatacağı gözlənilir. Bu hadisənin baş tutmasına az müddət qalmasına baxmayaraq NASA agentliyi aparatın Mars səthinə necə eniş edəcəyini göstərib. Bunun üçün xüsusi animasiyalı video hazırlanıb. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, Perseverance aparatı bu ilin 30 iyul tarixində Yer kürəsindən start götürmüşdü. Bu aparat özündə qəliz təchizatı və elmi alətləri birləşdirir. Onların sayəsində Marsın iqlimi, torpağının kimyəvi tərkibi və s. məlumatlar əldə etmək mümkün olacaq.
        Bundan əlavə olaraq sözügedən aparat vasitəsilə keçmişə nəzər salıb Marsın milyonlarla il bundan öncə necə mühitə sahib olduğunu öyrənmək olacaq. Güman olunur ki, aparat Jezero adlı kraterə eniş edəcək. Eniş edəndən sonra isə o, orqanik həyat növünün axtarışlarına start verəcək. NASA tərəfindən təqdim edlmiş videoda aparatın bütün eniş prosesini görmək olar. Aparatın atmosferə daxil olmasından tutmuş onun eniş stansiyasından ayrılmasına kimi.
        Eniş prosesinin xüsusilə qəliz olmasını qeyd etmək lazımdır. Belə ki, eniş prosesi tamamilə avtomatik rejimdə reallaşdırılacaq. Çünki Marsdan Yer kürəsinə siqnalın ötürülməsi gecikmə ilə baş tutur. Eniş zamanı NASA mütəxəssisləri öyrənmək istəyirlər ki, eniş modulu Mars atmosferi üzrə rahat hərəkət edə bilir yoxsa yox. Belə ki, Marsın atmosferi Yer kürəsinin atmosferindən daha nazikdir. Bunun uğurlu olacağı halında Marsın müşahidəsi üçün daha geniş imkanların qapıları açılacaq.
    Linki kopyala