Logo
    main-post-cover

    Natasha AI adı altında yüzlərlə hindu proqramçı fəaliyyət göstərib

    Süni İntellekt
    29.05.2025
    Emil
         Son günlərdə, 5 ölkədə böyük filiallara sahib olan Londonun Builder.ai şirkəti iflasdan qorunmaq üçün məhkəməyə müraciət etdiyini elan edib. Startap təxminən 10 il əvvəl tətbiqlərin yaradılmasına yanaşmadakı innovativ metodu ilə tanınmağa başlamışdı. Müştərilərin sifarişlərinə əsasən tətbiqləri süni zəka olan Natasha AI yazırdı və bu da sifarişçiləri kod yazmaqdan azad edirdi. Lakin sonradan məlum oldu ki, əslində kodları real proqramçılar yazırmış və süni zəka sadəcə şübhəli biznesin üzərini örtmək üçün bir görüntü rolunu oynayıb. Təəccüblüdür ki, The Wall Street Journal qəzetinin 2019-cu ildə apardığı və süni zəkanın tətbiq yazmaq üçün əsasən formal olaraq istifadə edildiyini sübut edən qalmaqallı araşdırmasına baxmayaraq, investorlar Builder.ai şirkətinə vəsait yatırmaqdan əl çəkməyiblər.
         Üstəlik, 2023-cü ildə Microsoft bu startapın alətlərini öz məhsullarına, o cümlədən bulud xidmətlərinə inteqrasiya etməyi planlaşdırırdı. Süni zəka sahəsində yaranan səs-küy investorların bu perspektivli startapa marağını sürətlə artırdı. Şirkət “unicorn” statusu qazandı - yəni bazar dəyəri 1 milyard dollardan çox olan startap oldu. Ümumilikdə Builder.ai-yə Microsoft (həmçinin şirkətin səhmdar kapitalına da yatırım edib), Qətərin Suveren İnvestisiya Fondu və bir sıra digər iri fondlar tərəfindən 440 milyon dollardan çox investisiya yatırılıb. 2025-ci ilin fevral ayında Builder.ai-nin rəhbərliyi dəyişdirildi.
         Yeni idarəçilər uğursuzluqlarda əvvəlki komandanı ittiham etdilər. Onların sözlərinə görə, məsələ süni zəkada deyil, adi və səriştəsiz maliyyə planlaşdırmasındadır. Əsas zərbə may ayında baş verdi. Böyük kreditor Viola Credit şirkətin hesablarındakı 37 milyon dollara həbs qoydu, yalnız 5 milyon dolları məhdudlaşdırılmış hesablarda saxladı. Bu da Builder.ai-nin 5 ölkədəki əməliyyatlarını faktiki olaraq iflic etdi. Cavab olaraq şirkət əməkdaşlarının əksəriyyətini ixtisar etdi və ən azı hansısa ölkədə biznesin bir hissəsini qorumaq ümidi ilə iflasdan müdafiə üçün müraciət etdi. Şirkət Böyük Britaniya, ABŞ, BƏƏ, Sinqapur və Hindistanda fəaliyyət göstərir.
    Paylaş