Logo
    main-post-cover

    Nazir Qaxda məktəbdə süni intellekt dərsləri ilə tanış olub

        Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birlikdə Qax şəhərində yerləşən 5 nömrəli tam orta məktəbdə olub. Səfər çərçivəsində məktəbdə yaradılmış şərait və tədris prosesi ilə tanışlıq keçirilib.
        Technote.az xəbər verir ki, nazir məktəbdə fəaliyyət göstərən peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Həmçinin rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadəsi təqdim olunub.
        Görüş zamanı müasir tədris yanaşmaları və rəqəmsal təhsil imkanları barədə məlumat verilib. Məktəbdə şagirdlərin texnologiya yönümlü bacarıqlarının inkişafına xüsusi diqqət ayrıldığı bildirilib.
        Nazir daha sonra məktəbin pedaqoji kollektivi ilə görüş keçirib. Müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təklifləri dinlənilib.
        Görüşdə regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinin vacibliyi vurğulanıb. Şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti diqqətə çatdırılıb.
    Paylaş